Enerji layihələri əsrin nəbzinə çevrilir
İqtisadiyyat

Enerji layihələri əsrin nəbzinə çevrilir

Azərbaycan zəngin təbii sərvətlər baxımından fərqlənən dövlətlər sırasındadır. Enerji ölkəsi kimi əhəmiyyətli rol oynayan Azərbaycan nəhəng dövlətlərin etibarlı tərəfdaşıdır. Avropanın alternativ mənbələrə çıxışda və enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi qiymətləndirməsi, alternativ enerji təminatçısı kimi onu seçməsi də təbiidir. Ölkəmiz etibarlı imici ilə daim diqqət mərkəzindədir. Həmçinin yerləşdiyi coğrafi mövqeyin geosiyasi və iqtisadi imkanları Azərbaycanın bu xüsusdakı cəlbediciliyini daha da artırır. Məlumdur ki, yeni dünya düzənində enerji xəritələri, tranzit yolları xüsusi maraq kəsb edir. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizin məhz bu çərçivədə regional lider dövlət statusu daşıması bir çox dividendlərin qazanılmasını mümkün edir.

2018-ci il iyunun 12-də regional və qlobal miqyasda olduqca əhəmiyyətli hadisəyə şahidlik etdik. Belə ki, Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu Qaz Kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycanın və Türkiyənin qardaş birliyi, misli görünməmiş fəaliyyəti bu strateji layihənin gerçəkləşməsini şərtləndirdi. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.

Xatırladaq ki, 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda, bundan sonra isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi keçirilmişdi. Xüsusilə Qarsda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın o dövrdəki Prezidenti Giorgi Marqvelaşvilinin iştirak etdiyi mərasim tarixə qızıl hərflərlə yazıldı. Ölkə başçısı öz nitqində xatirələrini bölüşdü: "...Biz enerji layihələrimizi də birgə icra edirik. Bu gün bu salonda oturarkən və dəyərli məsləkdaşlarımın çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə döndüm, yəni xatirimdə o günlər canlandı - 1994-cü il 20 sentyabr, Bakı şəhəri, Gülüstan Sarayı, "Əsrin kontraktı"nın imzalanması mərasimi. Bəlkə biz o vaxt heç təsəvvür edə bilməzdik ki, o gün nə qədər böyük əhəmiyyət kəsb edir və hansı böyük hadisələrə gətirib çıxaracaq".

2019-cu ildə Avropaya birləşən hissəsi ilə TANAP Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi, Trans-Adriatik Boru Kəməri (TAP) isə Türkiyə-Yunanıstan sərhədindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Qlobal əhəmiyyətə malik olan hər iki layihənin ümumi dəyəri 12 milyard ABŞ dollarıdır. Xüsusi vurğulamaq lazımdır ki, iki nəhəng lahiyənin reallaşdırılması cənab İlham Əliyevin birbaşa təşəbbüsü nəticəsində mümkün olub. 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək öz enerji potensialını dünyaya bir daha nümayiş etdirib. Xatırladaq ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi münasibətlərlə yanaşı, sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə də xidmət edir. Avropaya nəql edilən qazın hasil edilməsində "Şahdəniz" yatağı mühüm rol oynayır. Sözügedən yataq istismara veriləndən 2023-cü ilin dekabrına qədər buradan 206,7 milyard kubmetr qaz hasil edilib. Həmin dövrdə "Şahdəniz"dən hasil edilən qazın 146,4 milyard kubmetri ixrac olunub. "Şahdəniz" qaz-kondensat yatağının istismara verilməsi ilə respublikamızın beynəlxalq nüfuzu daha da artıb.

TANAP Cənub Qaz Dəhlizinin reallaşmasının əsas seqmentidir. Müasir dövr üçün Azərbaycanın ən mühüm enerji layihəsi hesab edilən TANAP, Qərb yarımkürəsi ilə sıx ticarət əlaqələrinin qurulması baxımından da ümidverici faktordur. Bütünlüklə qeyd etmək lazımdır ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə BTƏ neft-qaz boru kəmərlərinin açılışı, 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu imzalanması enerji ixracatını daha da səmərəli etdi.

Dəyəri 33 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin tamamlanması layihədə iştirak edən dövlətlərin uğuru kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı ən təqdirəlayiq məqamlardan biri onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutlarının öz töhfəsini verməsidir. Yeri gəlmişkən, qeyd edək ki, Avropaya enerji ixracının daha da genişləndirilməsi məqsədilə fasiləsiz olaraq mühüm addımlar atılır. Elə ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışından sonra Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatdı. Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radevin iştirak etdiyi mərasim bir daha Avropanın enerji təminatında ölkəmizin rolunu diqqət mərkəzinə gətirdi. Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışına həsr olunmuş tədbiri dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırması bir daha bunu təsdiq edir. Qeyd edək ki, Serbiya-Bolqarıstan İnterkonnektoru Bolqarıstandan Serbiyaya hər il 1,8 milyard kubmetr, əks istiqamətdə isə 0,15 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Bununla yanaşı, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Slovakiyanın Azərbaycan qazına olan marağı bir daha vurğulandı. Belə ki, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mətbuata bəyanatlarla çıxışı Azərbaycanın Avropanın önəmli enerji tərəfdaşı olmasını təsdiq edir. Ölkə başçımızın da qeyd etdiyi kimi, bu gün energetika sektorundakı əməkdaşlıq çox geniş müzakirə edilmişdir. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycandan 2,3 milyard kubmetr qaz ixrac olunub. Bu ilin yanvar ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,5 milyon ton, ixraca nəql edilən həcmlər isə 2,1 milyon ton olub. Yanvarda 30 milyon kubmetr artımla hasil edilmiş 4,3 milyard kubmetr qazın 2,3 milyard kubmetri ixrac olunub. Xüsusi vurğulanmalıdır ki, qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,5 faiz artıb. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib.

Nurlan ABDALOV,

"Respublika".