Mirzə Şəfi nəğmələri
Tarixi şəxsiyyətlər

Mirzə Şəfi nəğmələri

Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncə şəhərində Cavad xanın dövründə memar olmuş Kərbəlayi Sadığın ailəsində doğulmuşdur. Doğum tarixi dəqiq məlum olmayan şair ilk təhsilini mədrəsədə almış, burada ərəb və fars dillərini, eləcə də şəriət elmlərini dərindən öyrənmişdir. Vazeh təxəllüsü ilə həm Azərbaycan dilində, həm də fars dilində şeirlər yazmışdır. Vazeh sözünün mənası “ifadəli, aydın” deməkdir. Qəzəllər, müxəmməslər, məsnəvilər, rübailər yazan Şərq poeziyasına böyük maraq göstərən Mirzə Şəfi Vazehin əsərləri XIX əsrin əvvəllərindən başlayaraq dünya xalqlarının marağına səbəb olmuşdur. Vazehdən Şərq dilləri dərsini alan alman şairi Fridrix Bodenştedt “Şərqdə min bir gün" kitabında Vazehin şeirlərinin tərcümələrini nəşr etdirmişdir. F.Bodenştedtin  “Mirzə Şəfi nəğmələri" adlı kitabı 1851-ci ildə ilk dəfə Almaniyada çap olunmuşdur. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilsə də, şairin yaradıcılığının böyük bir hissəsi bizə gəlib çatmamışdır.

Mirzə Şəfi bir müddət Cavad xanın qızı Püstə xanımın binagüzarlıq və yazı-pozu işlərini idarə etmişdir. Bir müddət sonra isə Mirzə Şəfi gənc Mirzə Fətəli Axundovla tanış olur. Bu tanışlıq Mirzə Fətəlinin həyatında böyük rol oynayır. Yaradıcılığa Gəncədə başlayan Mirzə Şəfi burada dolanışığın çətin olması səbəbindən Tiflisə gedir. 1840-cı ildə Tiflisdə qəza məktəbində Şərq dilləri üzrə müəllim işləyir. O zaman üçün Qafqazın inzibati-mədəni mərkəzi sayılan bu şəhərdə şair M.F.Axundovla və A.A.Bakıxanovla dostluq münasibətləri yaradır. Mirzə Şəfinin maarif sahəsində də mühüm xidmətləri olmuşdur. O, Azərbaycan dilində xüsusi dərsliyin, təlim vasitələrinin olmadığını nəzərə alaraq bu işi öz üzərinə götürmüş və 1852-ci ildə Tiflisdə Kazım bəyin Moskvadakı tələbələrindən biri İvan Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. “Kitabi-türki" adlı bu dərslik qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün nəzərdə tutulmuşdur.

Vazehin poeziya yaradıcılığında əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. Bəzi şeirlərində isə feodal cəmiyyətinin eyiblərini göstərir, köləliyin və dini fanatizmin əleyhinə çıxış edirdi.

Mirzə Şəfi 1848-ci ildə yenidən Gəncəyə qayıtmış, qəza məktəbində müəllimlik etmişdir. Lakin 1850-ci ildə yenidən Tiflisə gəlmiş və zadəganlar gimnaziyasında Azərbaycan və fars dillərindən dərs demişdir. Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağlıdır. O, “Tiflislə əlvida" şeirində öz düşüncələrini məharətlə qələmə almışdır. Mirzə Şəfi yaradıcılığı,  poeziyası bir çox xalqların görkəmli nümayəndələrinin marağına səbəb olmuşdur. Rus bəstəkarı Anton Rubinşteyn 1870-ci ildə Veymarda yaşadığı illərdə Mirzə Şəfinin bir neçə şeirinə romanslar yazmışdır. Şairin şeirlərinin Avropada şöhrət qazandığını görən F.Bodenştedt 1875-ci ildə özünü bu şeirlərin müəllifi kimi qələmə vermişdir. Nəticədə, Mirzə Şəfinin adı uzun müddət unudulmuşdur. Aparılan elmi, ədəbi araşdırmalar bir daha sübut edir ki, bu şeirlər həqiqətən Mirzə Şəfi Vazehə məxsusdur. F.Bodenştedt isə sadəcə bu şeirləri alman dilinə tərcümə edərək Qərbi Avropada yaymışdır.

Şairin yaradıcılığının çox az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bu şeirləri isə ilk dəfə Salman Mumtaz üzə çıxarmış və 1926-cı ildə “Mirzə Şəfi Vazeh” adı ilə nəşr etdirmişdir. Bir müddət sonra Gürcüstan Elmlər Akademiyası yanında Əlyazmalar İnstitutunda Mirzə Şəfi Vazehin öz xətti ilə yazdığı 2 qəzəli və “Məktubun intizarında” poeması tapılmışdır. Həmin əsərlər Balaş Azəroğlu tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilərək, 1964-cü ildə H.Məmmədzadənin şərhi ilə “Azərbaycan” jurnalında çap olunmuşdur.

Mirzə Şəfi əsasən lirik şeirlər yazmışdır. Onun şeirlərinin əsas mövzusunu,  ana xəttini sevgi, məhəbbət və dünya nemətlərinin tərənnümü təşkil edir. O, “insan zülmə tabedir" fikrinə qəti etirazını bildirərək, hər kəsi zülmə, zülmkara, haqsızlığa qarşı mübarizəyə səsləyir. Ruhanilərə, mollalara qarşı kəskin satirik şeirlər yazdığına görə Gəncə axundu onu “kafir” adlandırmışdır.  Qadınlara nəcib hisslərlə yanaşan, onları qaranlıq mühitdən çıxarmağa çalışan şair bu zərif çiçəklərə müraciət edərək yazırdı:

Tulla gəl çadranı...görünsün üzün

Gül də gizlədərmi de bağda özün?

Səni qadir Allah, ey incə çiçək,

Yaratmış dünyaya verməkçün bəzək.

Aç qara gözünü, çadranı tulla!

Həyatda cəsur ol, yaşa qürurla.

Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirmişdir.  Bu yeniliklər şairi ucaltmış, şöhrətləndirmişdir. Şairin lirik sevgi şeirləri Azərbaycandan çox uzaqlarda sevilmiş, özünə oxucu auditoriyası qazanmışdır. Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vazeh dövrünün ən çox tanınmış dünyaşöhrətli şairlərindən olmuşdur. 1852-ci ilin noyabr ayının 28-də Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

                                       Ramidə YAQUBQIZI,

                                          “Respublika”.