Tarix yaradan əbədiyaşar lider
Tarixi şəxsiyyətlər

Tarix yaradan əbədiyaşar lider

2023 -cü ilin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin xidmətlərinin gənc nəslə çatdırılmasında mühüm rol oynayır. Qalibiyyəti ilə beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirən, azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirərək dünya hərb tarixində ilkə imza atan qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə hərtərəfli inkişafa geniş imkanlar açdı. Hər bir inkişafın əsası olan sabitlik təmin edildi. Bu reallıq hər kəsə məlumdur ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin bu diqqət və maraq ayrı-ayrı dövrlərdə fərqlilik təşkil edib. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdur. Xarici investorlar investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması beynəlxalq əməkdaşlığın qurulmasına geniş imkanlar yaratdı. Azərbaycan xalqı öz təbii sərvətlərinin əsl sahibinə çevrildi.

Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək mühüm addımlar atmışdır. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyası ilə xarakterizə edilir. 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərliyə başlayan zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalmış ölkələr sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmir, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz Onun fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə yüksələ bilmişdi. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Məhz o illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verilmişdi. Sənayenin güclü və möhkəm əsasları qoyulmuşdur ki, bu gün də müstəqil Azərbaycanın sənaye potensialına bunun böyük köməyi vardır. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illəri kimi qalmışdır.

Ümummilli Lider Heydər Əliyev 1987-ci ildə Azərbaycanda siyasi hakimiyyətdən gedəndən sonra respublikamızda böyük problemlər yaranmışdır. Belə ki, iki həftə keçməmiş erməni millətçiləri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün fəal işlərə başlamışdılar. Əvvəlki illərdə onları bu əməllərdən çəkindirən məhz Heydər Əliyev olmuşdu. Reallıq budur ki, o zaman Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olsaydı, Azərbaycanın tarixi torpaqları işğal altına düşməzdi.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini atdığı addımları ilə təsdiqləyən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişinin imzalanmasının 23-cü ilində "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. İllər keçdikcə Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrinin uğurlu icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırdı. 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirdi. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Ötən bu illər ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektoru sahəsində də mühüm addımların atılmasını şərtləndirdi. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması əsas məsələ kimi önə çəkildi. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Eyni zamanda, ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması da dahi şəxsiyyətin adı ilə bağlıdır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə, həmçinin 2021-ci ildə Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirilən VII qurultayında qeyd etdiyi kimi, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilməsi ilə ölkəmizin böhrandan çıxma prosesi başlanmış oldu. Bu tarixi heç vaxt unutmamalıyıq. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. Əminliklə qeyd etdi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev başa çatdıracaq. Elə də oldu.

2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlətimizin başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurla qeyd etdiyi bu fikir Azərbaycanın zəngin müstəqillik tarixinin uğurlarının təqdimatıdır - Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf strategiyası bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Qalib Azərbaycan dahi şəxsiyyətin görmək istədiyi müstəqil Azərbaycan olaraq sözünün imzası qədər əhəmiyyətini daha da artıracaq, möhtəşəm uğurları ilə dünyanı heyrətləndirəcək.

Nihad PƏNAHOV,

YAP Tovuz rayon təşkilatının sədri.