“Ceenergy News”: Azərbaycan və Macarıstan enerji sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər
İqtisadiyyat

“Ceenergy News”: Azərbaycan və Macarıstan enerji sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər

“Ceenergy News” xəbər verir ki, energetika nazirliyində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun hibrid formada 4-cü iclası keçirilib. İşçi Qrupun həmsədri, energetika nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ali səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Müxtəlif səviyyələrdə keçirilmiş görüşlər və imzalanmış sənədlərin həm ənənəvi enerji, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi, görülmüş işlərin və əldə edilmiş nəticələrin planları qabaqladığı vurğulanıb.

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin enerji və iqlim diplomatiyası şöbəsinin müdiri İzabella Feierabend İşçi Qrupu çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və cari ildə atılacaq addımlarla bağlı fikirlərini bölüşüb. İclasın sonunda Enerji üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Növbəti iclasın gələn il Budapeştdə keçirilməsi qərara alınıb.

Töhfə SƏMƏDOVA,

“Respublika”.