Azərbaycan-Sinqapur parlamentlərarası münasibətlərinə dair müzakirələr aparılıb
Siyasət

Azərbaycan-Sinqapur parlamentlərarası münasibətlərinə dair müzakirələr aparılıb

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılıb, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, coğrafi məsafəyə baxmayaraq, ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək çoxlu əməkdaşlıq imkanları mövcuddur.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verərək, Şəbəkənin parlamentlərimizin əməkdaşlığı baxımından mühüm bir platforma ola biləcəyini söyləyib. O, həmçinin Milli Məclisin 2022-ci ildə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu aldığını, bu təşkilatın da əməkdaşlıq baxımından daha bir imkan olduğunu deyib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Həmçinin təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu cür əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin inkişafına, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verir.

Milli Məclisin sədri qarşı tərəfə bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisi olduğunu söyləyib. S.Qafarova sessiya çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan parlament iclası haqqında da məlumat verərək, Sinqapur parlamentinin sədrini bu mühüm tədbirə dəvət edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra S.Qafarova xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Sinqapur parlamenti ilə tanış olub.