Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

UEFA Albaniyanı sərt cəzalandırdı

UEFA-nın Nəzarət, İntizam və Etik Komisiyası AÇ-2024-ün qrup mərhələsində keçirilən Xorvatiya-Albaniya matçında yaşananlarla bağlı cəzalarını açıqlayıb.

İyunun 19-da Hamburqda keçirilən (2:2) görüşdə baş verənlərə görə Albaniya Futbol Federasiyası ümumilikdə 47,5 min avro məbləğində cərimələnib.

Bunun 2,5 mini azarkeşlərin pirotexniki vasitələr yandırmasına, 20 mini intizam qaydalarını pozmağa, 25 mini isə təxribat xarakterli mesajların yayılmasına görədir. Albaniya millisinin hücumçusu Mirlind Daku matç başa çatdıqdan sonra makedoniyalıların və serblərin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 2 oyunluq diskvalifikasiya edilib.

Antonio Rudiger zədələnib

Almaniya millisinin müdafiəçisi Antonio Rudiger ölkəsində keçirilən Avropa çempionatında zədələnib.

Bunu yığmanın baş məşqçisi Yulian Nagelsman deyib. Qeyd edib ki, müdafiəçi İsveçrə ilə oyunda ombasından xəsarət alıb. Bu, onun üçün ciddi olmasa da, bizə problem yarada bilər.

Conatan Ta növbəti oyunu buraxacaq

Almaniya millisinin digər müdafiəçisi Conatan Ta Avropa çempionatının 1/8 final görüşünü buraxacaq.

Qrup mərhələsinin 3-cü turunun İsveçrə ilə görüşündə sarı vərəqə alan "Bayer"in (Leverkuzen) futbolçusu növbəti matçda komandasına kömək edə bilməyəcək. O, 1-ci tur çərçivəsində keçirilən Şotlandiya ilə matçda da rəsmi xəbərdarlıq aldığından sarı vərəqə limitini doldurub. Qeyd edək ki, Almaniya yığması A qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Kapitan daha yaxşı oynayacaqlarına əmindir

Niderland millisinin kapitanı Vircil van Deyk Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Avstriya millisinə qarşı bu gün keçirəcəkləri oyunla bağlı fikrini açıqlayıb.

Bildirib ki, yaxşı komandamız var. Bunu vacib oyunlarda sübut etmək istəyirik. Fransa ilə matçdan sonra bir-birimizə daha yaxşı səviyyədə oynamalı olduğumuzu dedik. Fransa ilə oyundakından daha yaxşı çıxış edə bilərik.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 20:00-da keçiriləcək.

Doğan Alemdar millinin heyətindən çıxarılıb

Türkiyə millisinin qapıçısı Doğan Alemdar zədələndiyi üçün AÇ-2024-də heyətdən çıxarılıb.

Qeyd edək ki, F qrupunda mübarizə aparan Türkiyə ilk oyunda Gürcüstana 3:1 hesabı ilə qalib gəlib. İkinci görüşündə isə Portuqaliyaya məğlub olub (0:3). Milli komanda növbəti oyununu iyunun 26-da Çexiya yığmasına qarşı keçirəcək.

İtaliya 1/8 finala vəsiqə qazandı İspaniya qalib gəldi

B qrupu

Albaniya - İspaniya 0:1

Qol: Ferran Torres, 13.

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

Xorvatiya - İtaliya 1:1

Qollar: Luka Modriç, 55 - Tsakannyi, 90+8.

Baş hakim: Denni Makkeli (Niderland).

Leypsiq, "Red Bull Arena".

M.NƏRİMANOĞLU,

"Respublika".