İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımızdan uğurlu çıxış 

İsveçin Stokholm şəhərində keçirilən uşu üzrə Avropa çempionatına yekun vurulub. Ölkəmizi təmsil edən idmançılar yarışda uğurlu çıxış ediblər. Gənclər arasında Amin Əlili (60 kq) və Həmzə Rəsulzadə (65 kq) qızıl, Elçin Muradov gümüş medal qazanıb. Böyüklər arasında isə Orxan Hətəmov (48 kq) qızıl, Ruslan Pirəliyev (70 kq) isə gümüş medala sahib olub.

Voleybol millimiz Sloveniyaya yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirmək üçün Sloveniyaya yola düşüb. Onlar Maribor şəhərində təlim-məşq toplanışının növbəti mərhələsini keçəcəklər. Yığma komanda burada bir neçə yoxlama görüşündə iştirak edəcəklər. Daha sonra voleybolçular Sloveniyadan birbaşa Xorvatiyaya gedəcəklər. Millimizin Qızıl Avropa Liqasında ilk oyunu mayın 17-də Xorvatiya millisinə qarşı olacaq. Yarışlar yeni formata əsasən təşkil olunacaq. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda təşkil olunacaq.

Dünya Kuboku yarışları davam edir

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib. Qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X.Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".