İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Stolüstü tennis yığması ilk dəfə Avropa çempionatında 

Yanvarın 24-də stolüstü tennisçilərin Avropa çempionatına start veriləcək. Yarışa yanvarın 28-də yekun vurulacaq. Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Zemfira Mikayılova və Ləman Abdulhəmidova qitə çempionatında mübarizə aparacaqlar. Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında ilk dəfə qüvvəsini sınayacaq. Zemfira Mikayılova ilə Ləman Abdulhəmidova isə şəxsi reytinqlərinə əsasən iştirak hüququna yiyələniblər.

Basketbol millimizin təsnifat oyunlarındakı rəqibləri bəlli olub

Basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan millisinin "Paris-2024" Yay Olimpiya Oyunlarının təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Yığma aprelin 12-14-də baş tutacaq ilk təsnifat oyunlarının B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup görüşlərində ilk iki pilləni tutan komandalar təsnifat mərhələsinin yarımfinalında yer alacaqlar. Daha sonra yarımfinalda qalib olmuş komandalar finala, finalın qalibi isə Olimpiadaya vəsiqə qazanacaq. İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda yer alan millimiz Almaniya, Polşa və Tunis seçmələri ilə üz-üzə gələcək.

Bakıdakı Dünya Kubokunda ölkəmizi təmsil edəcək gimnastlar

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib. Fərdi və sinxron proqram üzrə batut yarışlarında qadınlar arasında Selcan Mahsudova, kişilər arasında Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev mübarizə aparacaqlar.

Tamblinq üzrə yarışda isə ölkəni Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov təmsil edəcəklər. 33 ölkənin iştirak edəcəyi turnir fevralın 23-dən 25-dək Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".