İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

III Avropa Oyunları başa çatıb

Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunları başa çatıb. Yarışın bağlanış mərasimi "Henik Reyman" stadionunda baş tutub. "Krakov-2023"də boks yarışında gümüş medal qazanan Məhəmməd Abdullayev Azərbaycanın bayraqdarı olub.

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş Azərbaycan idman nümayəndə heyətinin sonuncu qrupu xüsusi təyyarə reysi ilə Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib. İdmançılarımız III Avropa Oyunlarını 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 11 medalla başa vurub. Komandamıza qızıl medalları karate üzrə Tural Ağalarzadə, İrina Zaretska, kikboks üzrə Fərid Ağamoğlanov, gümüş medalları boks üzrə Məhəmməd Abdullayev, taekvondo üzrə Səyyad Dadaşov, bürünc medaları boks üzrə Murad Allahverdiyev, karate üzrə Asiman Qurbanlı, muay-tay üzrə Emili Rzayeva, Aysu Dərvişova, Xəyal Əliyev qazandırıb. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.

 

Güləşçilərimizdən U-20 üzrə çempionatda 6 medal

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona çatıb. Komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır. Yığmamızın heyətində Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub. Yusif Dursunov (125 kq) ikinci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə üçüncü yeri tutub.

 

Tamblinq yığmamızın üzvü Dünya Kubokunun qalibi olub

Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kuboku yarışlarında Azərbaycan yığmasının üzvü Mixail Malkin qalib olub.

27 yaşlı idmançı bütün rəqiblərindən üstün olub və qızıl medala sahib çıxıb. Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıblar. İdmançılar iyulun 7-8-də Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.

 

Yığmamızın beynəlxalq turnirdə uğurları

Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandası Qazaxıstanın Pavlodar şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Sabir Ağayev, Murad Rəfiyev, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu yarışı medalla başa vurub. Komanda yekun nəticələrə əsasən fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz iyulun 14-də Polşanın Qliviçe şəhərində başlanacaq Avropa çempionatında mübarizə aparacaqlar.

Seçmə komandamız hazırlıq üçün Çexiyaya yollanıb. İyulun 13-dək keçiriləcək təlim-məşq toplanışında gənclərdən - İbrahim Ansari, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Nigar Mahmudova, yeniyetmələrdən isə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Mərziyyə Nurmətova, Arzu Aslanova və Aylin Əsgərova iştirak edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".