Rəqəmsal təhsil qlobal çağırışların bir hissəsidir
Sosial həyat

Rəqəmsal təhsil qlobal çağırışların bir hissəsidir

Rəqəmsal texnologiyaların təhsil sahəsində tətbiqi məktəb həyatının ayrılmaz hissəsinə çevrilir. Paradoksal olmasa da, yeni şəraitdə müəllimin rolu bir az da artır. Çünki rəqəmsal texnologiyaların diletantların və ya "texniki icraçıların" əlinə keçməsi mənfi təsirlərə gətirib çıxara bilər. Məlumdur ki, bəzi Avropa alimləri təhsil müəssisələrində, xüsusən də ibtidai siniflərdə rəqəmsallaşmanın tətbiqinin əleyhinədirlər.

Elmi tədqiqatların nəticələri göstərir ki, hətta tədris məqsədilə telefon və planşetlərdən istifadə şagirdlərin inkişafına və təhsilinə zərər verir. Elm adamları kompüterdən təhsil sahəsində istifadənin zərərini təsdiq edən elmi nəticələrdən narahatdırlar. Xüsusilə, mütəxəssislər rəqəmsal vasitələrin nitqin inkişafına mane olduğunu, diqqətin cəmləşməsində çətinliklər yaratdığını, fiziki fəallığı azaltdığını və sosiallaşmanı çətinləşdirdiyini iddia edirlər.

Ekspertlər qeyd edirlər ki, internetə qoşulmuş istənilən qurğulardan istifadəyə artıq Avropanın müxtəlif ölkələrinin məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərdə qadağa qoyulub.

Azərbaycanda bu məsələ ilə əlaqədar müxtəlif fikirlər formalaşıb. Məsələyə aydınlıq gətirmək məqsədilə təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik. Ekspert ilk öncə qeyd etdi ki, rəqəmsallaşma artıq həyatın bir parçasına çevrilib. Məktəblərdə qurulan kompüter mərkəzləri və proyeksiyadan istifadə təhsilin rəqəmsallaşması prosesinin başlanğıcını təşkil edir. Təhsilin yalnız məktəb və universitetlərdə deyil, evdən və ya digər yerlərdən davam etdirilməsinin mümkünlüyü pandemiya dövründə aydın göründü. Pandemiya (COVID19) dövründə təhsil və təlim internet vasitəsilə davam etdirildi. Bu da onu göstərir ki, dünyada rəqəmsallaşma həyatı bütünlüklə əhatə edərək irəliləyir və gələcəkdə özünü buna hazırlamayan, rəqəmsal savadlılığa yiyələnə bilməyən fərdlər istər təhsil, istərsə də digər sahələrdə problemlərlə üzləşəcəklər. Ona görə də rəqəmsallaşma dövrü başlayıb və rəqəmsal mühit əvvəlki dövrlərlə müqayisədə təhsildə özünü daha çox büruzə verir. Bu gün elə bir sahə yoxdur ki, orada texnologiya olmasın və biz texnoloji məhsullardan istifadə etməyək. Texnologiyada yeniliklər təhsildə də baş verir. Təhsil sahəsi bu texnoloji yeniliklərlə sürətlə dəyişir, istifadə olunan alət və avadanlıqlar yenilənərək bu günün tələbatını ödəyə bilər. Bu baxımdan təhsildə rəqəmsallaşmanın tətbiqi zərurətə çevrilib. Bu gün texnoloji imkanlardan yararlanmayan təhsil, dövrün tələblərinə də cavab verə bilməz.

XXI əsrdə ali təhsil müəssisələrinin işində keyfiyyət təminatı, onun idarəedilməsi, rəqəmsal transformasiya kimi anlayışlar getdikcə daha çox əhəmiyyət kəsb edir. Çünki rəqəmsal iqtisadiyyat dövründə, yəni Üçüncü Sənaye İnqilabından Dördüncü Sənaye İnqilabına keçiddə, əmək bazarının tələblərində nəzərəçarpan dəyişiklik, ali təhsil müəssisələri arasında yaranan rəqabət onları "müştəri" ehtiyaclarını ödəmək baxımından mütəmadi olaraq dəyişməyə, yenidən formalaşmağa məcbur edir.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov rəqəmsallaşmanın üstünlükləri və mənfi cəhətləri barədə fikirlərini bölüşərkən dedi ki, yeni yanaşma müasir qlobal çağırışların bir hissəsidir. Rəqəmsallaşmanın kifayət qədər üstünlükləri, eyni zamanda mənfi təsirləri də var. Cəmiyyət onun üçün faydalı olan tərəflərdən yararlanmaqla inkişafa dorğu meyillənməlidir. Bu baxımdan, həmçinin təhsilin rəqəmsallaşması, rəqəmsal texnologiyaların tətbiqi son illər daha çox vüsət alıb. Biz qlobal həllərdən danışarkən təhsilin rəqəmsallaşmasının zəruriliyini COVID19 pandemiyası zamanı daha qabarıq gördük. Dünyanın bütün ölkələrində fəaliyyət rəqəmsallaşma, məsafədən idarəolunma üzərində quruldu və biz təhsilin bundan nə qədər zərərlə çıxdığının fərqindəyik.

Bəzi ölkələrdə bu çətinliklər daha az müşahidə olunsa da, əksər ölkələrdə "təhsilsizlik sindromu" yaşandı. Azərbaycanda rəqəmsal təhsillə bağlı bir çox işlərin görülməsinin zəruriliyini anladıq, bu sahədə problemləri daha qabarıq şəkildə gördük. Yəni müasir resurslardan, multimedia vasitələrindən, rəqəmsal kitabxanalardan, texnologiyalardan və eyni zamanda kompüter imkanlarından, elektron dərsliklərdən effektiv istifadənin zəruriliyini dərk etdik. Rəqəmsal təhsil zamanın tələbidir. Bununla bağlı cəmiyyətə çağırışlar edilir, məsələ gündəmə gətirilir.

Elektron tədris resurslarının sayının az olduğunu qeyd edən ekspert onu da bildirdi ki, ölkə rəhbərliyinin yüksək informasiya texnologiyalarının inkişafı istiqamətində siyasi iradəsi nəzərəçarpacaq səviyyədədir. Bu, yalnız maliyyə yox, eyni zamanda insan resursları tələb edir. Məsələ elektron resurslar yaradan insanların kifayət qədər olub-olmaması ilə bağlıdır.

Məktəblərdə müasir texnologiyalardan istifadə imkanları məhdud, internetə çıxış imkanları səmərəsizdir, yəni internetdən hansı məqsədlə istifadə olunması məsələsi də sual doğurur, bir sözlə, resurslardan faydalı istifadə baxımından digər ölkələrdən geri qalırıq. Ali məktəblərdə isə texnoloji imkanlar daha genişdir. UNEC, ADA Universiteti bu mənada nümunə ola bilər.

Rəqəmsal təhsillə yanaşı, distant təhsil məsələsini də gündəmə gətirmək vacibdir. Azərbaycanda distant təhsil tədris forması kimi tanınmır. Bununla əlaqədar qanunvericilikdə dəyişiklik edilməsilə bağlı çox sayda təkliflər irəli sürülüb. Hazırda Milli Məclisdə ali təhsil haqqında qanun layihəsi müzakirədədir. Ümid edirik ki, yeni tərkibdə Milli Məclis formalaşandan sonra bu məsələlərin həlli daha da sürətlənəcək.

Aygün İBRAHİMOVA,

"Respublika".