Haylar okeanın o tayında firavan həyat axtarışında
Siyasət

Haylar okeanın o tayında firavan həyat axtarışında

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ölkəsi ilə Moskva arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində gələcək perspektiv Kremlin mövqeyindən asılıdır. Onun sözlərinə görə, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payı əvvəlki 96 faizlik göstərici ilə müqayisədə xeyli azalıb və hazırda 10 faizdən də aşağıdır. Fransadan da aldığı yardımların sayəsində hərbi sahədə keçmiş müttəfiqi ilə münasibətlərini pozmağa çalışan Nikol Paşinyan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı yanaşmasını da sərtləşdirir. Belə ki, Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib.

Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında heç bir maliyyə öhdəliyi yoxdur. Bu addımlarla Nikol Paşinyan iqtidarı Kremlə mesaj verir ki, artıq hərbi sistemin şaxələndirilməsi prosesini icra edir və bu müstəvidə Moskvanın dəstəyinə ehtiyac duymur. Yəni KTMT-dən çıxmaq barədə bəyanat onunla əlaqəlidir ki, bu alyans artıq Ermənistana lazım deyil. O, əvvəllər simvolik məna daşıyırdı, amma indi heç bir əhəmiyyəti yoxdur. Təhlükəsizlik baxımından münasibətlər Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yox, birbaşa Rusiya ilə qurulub. Buna görə də təşkilatdan çıxmaq münasibətlər sistemini tamamilə bitirməyəcək. Odur ki, hazırda ən vacib məsələ Rusiya bazaları ilə bağlıdır. Hələlik Ermənistan rəhbərliyi deyir ki, bu, müzakirə mövzusu deyil. Əgər Nikol Paşinyan iqtidarı desə ki, onların fəaliyyətinin dayandırılmasını istəyir, onda bu, münasibətlərdə dönüş nöqtəsi olacaq. Bu halda formal müttəfiqlik də dayanacaq. Amma hazırda İrəvanda səsləndirilən bəyanatlar Moskvaya blef məqsədlidir.

Digər vacib məqam odur ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı aktiv şəkildə rəy bildirməsi Rusiya tərəfinin alyansın genişləndirilməsi barədə səsləndirdiyi bəyanatlardan sonraya təsadüf edir. Yəni Moskva rəhbərliyi Vyetnam, Şimali Koreya kimi ölkələrin də təşkilata qatıla biləcəyinin mesajını son səfərlərində vermişdi. Bunun fonunda Ermənistanın addımları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini iflic etmək cəhdləri kimi şərh edilə bilər. Çünki indiki şəraitdə bu ölkənin KTMT-dən uzaqlaşmaqla bağlı qəbul edəcəyi çox sadə qərarlar var. Amma İrəvan rəsmi qaydada təsisata müraciət edərək prosedurları başlatmaq yerinə fərqli istiqamət seçərək, fəaliyyətsizliyi ilə qurumun işini ləngidir. Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı demarşını düşünülmüş strategiya əsasında həyata keçirir və çox güman ki, rəsmi İrəvan bu istiqamətdə məhz Qərb tərəfdaşlarının təlimatlarına uyğun şəkildə hərəkət edir. N.Paşinyan iqtidarının hazırkı tapşırığı Kremli qıcıqlandırmaqla ilk destruktiv addımı atmağa təhrik etməkdir.

İndiki şəraitdə Rusiyanın Ermənistanda baş verən proseslərə daha soyuqqanlı yanaşmasının təməlində dayanan aspektlərdən biri də məhz həyata keçirilən bu siyasətin mahiyyətinin dərk edilməsidir. Bu səbəbdən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib ki, bəzi postsovet ölkələrinin nümunəsində belə Qərblə yaxınlaşmaların nəyə gətirib çıxardığını görmüşük. Eyni taleyi Ermənistan üçün arzulamırıq. Buradan da aydın şəkildə görünür ki, Rusiya Cənubi Qafqazda özünə qarşı ikinci cəbhənin açılması planlarını görür və buna yol verməyə çalışır. Buna görə də Ermənistanla münasibətlərini post-Paşinyan dövründə nəzərdən keçirməyi hədəfləyir. Moskva indiki halda yalnız etiraz notası verə, uzaq perspektivdə isə hakimiyyətin dəyişildirilməsinə çalışa bilər. Hələlik isə Kreml rəsmi İrəvanı səhv yolda olduğuna inandırmaq istəyir. MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, Qərb ölkələri İrəvana təzyiq göstərir, onları bir sıra hallarda anti-Rusiya mövqeyi tutmağa sövq edir və MDB məkanında əməkdaşlığı məhdudlaşdırır. Onun fikrincə, bu, ilk növbədə Ermənistanın özünə ziyan vurur.

Rusiya təmkinli gedişlər etsə də, görünən odur ki, rəsmi İrəvan qısa zaman ərzində Moskva ilə münasibətləri qırmızı xəttə qədər inkişaf etdirməkdə maraqlıdır. Məsələn, Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bildirib ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafında növbəti addım Ermənistanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbi olacaq. Onun fikrincə, Ermənistanı alyansa üzvlük məsələsi ilə bağlı referendum elan edilərsə, bu məsələ də gündəmə gələ bilər. Parlamentin spikeri Alen Simonyan da məsələ ilə bağlı çıxışında deyib ki, Ermənistanın Avropa İttifaqının bir hissəsi olmaq arzusu var. Onun sözlərinə görə, bu günlərdə parlamentdə ölkənin alyansa daxil olması ilə bağlı referendumun keçirilməsi məsələsi də müzakirə olunub. Amma bu məqamda qeyd etmək lazımdır ki, İrəvan Avropa İttifaqı ilə deyil, NATO ilə sərhəddir. Yəni əslində Ermənistan üçün Qərb məhz Türkiyə deməkdir. İrəvan rəhbərliyi Ankara ilə münasibətləri hansı mənəvi-etik əsaslar üzərində quracağını düşünməlidir. Yaxşı olar ki, Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməzdən öncə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Konstitusiyasına düzəlişlə bağlı ümumxalq səsverməsi keçirsin.

Jalə QASIMZADƏ,

"Respublika".