VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

28 aprel

  • Zəngilanda silah-sursat aşkar edilib.

29 aprel

  • Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.
  • Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini və Malayziyanın Parlament Senatının prezidentini qəbul edib.
  • Ermənistan Respublikası ilə sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 2024-cü il aprelin 29-dək 35 sərhəd dirəyi quraşdırılıb.

30 aprel

  • Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib.
  • Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür.
  • Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib, şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb.

Erməni vəhşiliyinin növbəti sübutu

Kütləvi məzarlıqlar Ermənistanın torpaqlarımızda törətdiyi vəhşiliklərin sübutlarından biridir. Onlarla insanın kütləvi şəkildə basdırılması qəddarlığın son həddidir. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək ondan çox, Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndində, Şuşa rayonunun Daşaltı kəndində, Şuşa türməsinin ərazisində, Xocavənd rayonunun Edilli və Fərrux kəndlərində, şəhərin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında), Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanmışdır.

Respublikanın 13 şəhər və rayonunda yerləşən 21 qəbiristanlıqda Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş şəhid məzarlarından 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Aprelin 27-dək ümumilikdə azı 600 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb. Onlardan 124-ü 2022-ci ildə, 133-ü 2023-cü ildə, 48-i isə 2024-cü ildə aşkarlanıb. Göründüyü kimi, bu, erməni barbarlığının nə ilk, nə də son nümunəsidir. Tarix boyu xalqımıza qarşı saysız-hesabsız vəhşiliklər törədilib. Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı azərbaycanlılar ermənilər tərəfindən bir çox qeyri-insani davranışa məruz qalıb. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib.

1 may

  • Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Brendə çevrilən təşəbbüs

Artıq dünyada brendə çevrilən "Bakı Prosesi" ölkəmizin mühüm təşəbbüsüdür. Proses qlobal miqyasda mədəniyyətlərarası dialoqa, birgəyaşayışa töhfə vermək məqsədi daşıyır və dünya gündəliyinə daxil olub. Bu günlərdə "Bakı Prosesi" çərçivəsində paytaxtımız daha bir mötəbər tədbirə - "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib. Açılış mərasimi mayın 1-də Bakı Konqres Mərkəzində baş tutan Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. 100-dən çox ölkəni təmsil edən 700 qonaq paytaxt Bakıya gəlib. Qeyd edək ki, 1-3 may tarixlərini əhatə edən Forumda 4 plenar sessiya və 12 panel müzakirə keçirilib, həmçinin iştirakçılar işğaldan azad edilmiş ərazilərimizə də səfər ediblər.

  • ANAMA ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirildiyini açıqlayıb.
  • Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub.

2 may

  • Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib.
  • Qərbi Azərbaycan İcması ABŞ-ın Dini Azadlıq Komissiyasının bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına münasibət bildirib.
  • VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar.

3 may

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirdə çıxış edib.

Minasız ərazilər əsas hədəfimizdir

Ermənistan hələ 30 illik işğal dövründə torpaqlarımızda 1 milyondan çox mina basdırıb. Müharibə bitsə də, onun ağır fəsadları hələ də davam edir. İkinci Qarabağ savaşı nəticəsində torpaqlarımız düşməndən təmizlənsə də, olduqca böyük əraziləri əhatə edən sahələrə minaların basdırılması ciddi əngəl olaraq qalır.

3 may tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirdə mina probleminin həm sülh prosesinə, həm də mədəni irsə ciddi ziyan vurduğunu növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da bu qrupa daxildir. Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən danışan Prezidentin köməkçisi Avropa İttifaqının (Aİ) ölkəmizə dəstəyini yüksək qiymətləndirib.

  • Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda forum keçirilib.
  • Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Ermənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talış kəndində səfərdə olublar.

4 may

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb.
  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası olub.

“Respublika”.