Azərbaycanın etibarlı tərəf daşlıq platforması
Siyasət

Azərbaycanın etibarlı tərəf daşlıq platforması

Perspektivli hədəflər müəyyənləşdirən ölkəmizdə mühüm layihələr reallaşdırılır

Müstəqil siyasəti ilə perspektivli hədəflər müəyyənləşdirən Azərbaycan yeni tərəfdaşlıq platforması yaradır, mühüm layihələr reallaşdırır. Bir çox qlobal layihələrin təşəbbüskarı olan ölkəmiz bu layihələri əməkdaşlıq və tərəfdaşlıq şəraitində uğurla həyata keçirir, Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını inkişaf etdirməklə dünyaya səs salır. Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadəsi nəticəsində iqtisadi və siyasi mövqeyi daha da möhkəmlənir, yeni tərəfdaşlar qazanır. Bu isə öz növbəsində iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıq formatlarının müəyyənləşdirilməsinə yol açır: "Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib", - söyləyən cənab İlham Əliyev əminliyini də ifadə edir ki, sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcək. Dövlətimizin başçısının mötəbər tədbirlərdə iştirakı, hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır.

"Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük". Bu fikirləri martın 1-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Tədbirdə Avropanın enerji təhlükəsizliyi ilə bağlı yaranan çağırışlara, həmçinin enerji transformasiyasına dair müzakirələr aparılıb. Qeyd olunub ki, zəngin resurslara malik Azərbaycan ədalətli enerji siyasəti həyata keçirir və bu da ölkəmizə Avropada böyük inam qazandırır.

Xatırladaq ki, indiyədək Cənub Qaz Dəhlizi Məşvərət Şurası formatında 9 iclas keçirilib. İlk toplantı 2015-ci il fevralın 12-də, son toplantı isə 2024-cü il martın 1-də keçirilib. 2023-cü ildə baş tutan sayca doqquzuncu iclasda 2015-ci ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən tədbirin formatı genişləndirilib və ona Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da əlavə olunub. Avropanın enerji məsələləri ətrafında Bakıda ənənəvi müzakirələrin aparılması ölkəmizin "qoca qitə"nin enerji təhlükəsizliyində artan rolu ilə bağlıdır. Bu toplantı Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin yaradılması və bərpaolunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin 6-cı iclası və "Dənizdə külək enerjisindən istifadənin inkişafı" üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib. İclasda Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpaolunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə sadiq olduqları bir daha təsdiqlənib.

Mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın böyük uğurlara imza atmış etibarlı tərəfdaş ölkə olmasının göstəricisidir. Yeni geosiyasi çağırışlar Avropa İttifaqı üçün enerji konsepsiyası məsələsini son dərəcə aktual edib. Əsas diqqət enerji müstəqilliyinə nail olmaq və ya ən azı Rusiyadan enerji asılılığını mümkün qədər azaltmaqdır. Xüsusilə də davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranına səbəb olub. Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha da artıb. Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb. Nəticədə Avropaya qaz ixracında artım 45 faizə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. 2020-ci ilin sonundan, yəni Azərbaycanın Aİ-yə müntəzəm qaz tədarükünə başladığı vaxtdan bəri təxminən 46 faiz sabit artım müşahidə olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir. Cənubi Qafqaz Boru Kəməri, eləcə də TANAP və TAP layihələri dünyanın ən uğurlu enerji təşəbbüsləri sırasındadır. Bu layihələr ABŞ və Avropa dövlətləri, beynəlxalq maliyyə institutları və şirkətlər tərəfindən dəstəklənməklə ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın mükəmməl nümunələridir.

Azərbaycan etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkənin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan yaratmaqla yanaşı, həm də dünyanın mövcud enerji təhlükəsizliyinə mühüm töhfə verir, beynəlxalq təşkilatlar və şirkətlərlə yanaşı, enerji sektoruna da əhəmiyyətli investisiyalar yatırır, beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya, elektrik enerjisi ixrac edir. Azərbaycanın qlobal enerji bazarında əvəzolunmaz oyunçulardan biri kimi statusu daha da möhkəmlənir. Cənub Qaz Dəhlizi təbii qazın fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın gələcək planları qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdən ibarətdir. Ekspertlərin ümumi qənaətinə görə, Cənub Qaz Dəhlizi enerji marşrutlarının və təchizatın şaxələndirilməsinin, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin təməli olduğunun parlaq sübutudur. Gələcəyə baxsaq, enerjinin şaxələndirilməsi və təhlükəsizliyi getdikcə daha çox istifadə etdiyimiz enerji növlərinin müxtəlifliyi demək olacaq. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin üstünlüklərindən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir. Dövlətimizin başçısının "Euronews" televiziyasına müsahibəsində qeyd etdiyi kimi, bu, ümumi "yaşıl enerji" gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsidir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır. Artıq bu mühüm yolu qət etməyə başlamışıq.

Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafı, "yaşıl enerji" kimi vacib məqamlar dövlət siyasətinin gündəliyində əsas yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması həm də "yaşıl enerji" kimi mühüm məsələyə diqqətin təzahürüdür. Dünyada çox az ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparır, paralel olaraq da "yaşıl enerji" kimi vacib məsələni ön planda saxlayır. Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün nümunəyə çevrilməli və onlar iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdır. Azərbaycanın bərpaolunan enerji layihələri arasında keçən ilin oktyabr ayında açılış mərasimi keçirilən ilk Günəş Elektrik Stansiyası xüsusi yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır.

Mustafa KAMAL,

"Respublika".