Məktəblilər yay tətilini necə keçirirlər?
Sosial həyat

Məktəblilər yay tətilini necə keçirirlər?

Artıq yay fəslinin gəlişi, təhsil ilinin başa çatması ilə bağlı məktəblilər 3 aylıq istirahətə çıxıblar. Yay tətilini səbirsizliklə gözləyən şagirdlər 9 aylıq yorğunluğu çıxarmağın yolunu qarşıdakı 2-3 ayda dincəlməkdə görürlər. Lakin bir çox hallarda məktəbli yay tətilini ya maddi problem, ya da valideynlərin işləməsi ilə əlaqədar olaraq istədiyi kimi keçirə bilmir. Belə olan halda ailələr övladlarını məktəbli düşərgələrinə göndərmək barədə düşünürlər. Bəs ağır dərs proqramını başa vuran şagirdlərin yay istirahəti ölkəmizdə necə təşkil edilir? Onların bu müddəti səmərəli və maraqlı keçirmələri üçün hansı tədbirlər həyata keçirilir? Yaranan bu suallar ən çox valideynləri narahat edir. Çünki yay düşərgələrinin yetərincə olmaması və yaxud da bu işi əsasən özəl şirkətlərin görməsi insanları qane etmir. Belə ki, valideynlərin uşaqlarını pullu düşərgələrə göndərmək üçün imkanı çatmır. 15-20 günlük istirahət üçün 200-300 manatı, sözsüz ki, hər bir valideyn ödəyə bilmir. Hətta statistik məlumatlar göstərir ki, ölkəmizdə bu rəqəmlərdən qat-qat yüksək qiymətə, təxminən 2000 manata yaxın olan məktəbli istirahət düşərgələri də var.

Orta yaş qrupu və yaxud da daha böyük yaşda insanlar məktəb çağlarını kifayət qədər maraqlı və əyləncəli keçirdiklərini deyirlər. Uşaqların yay istirahət düşərgələrindən, asudə vaxtlarının səmərəli keçirilməsindən söhbət düşəndə isə çoxları köks ötürür. Belə ki, sovet dövründə uşaqlar yay tətili zamanı pioner düşərgələrinə, müxtəlif ekskursiyalara göndərilirdilər. Asudə vaxtın səmərəli təşkili uşaqların hərtərəfli inkişafında mühüm rol oynayırdı. Çünki onlar istirahət etməklə yanaşı, həm də bir çox əyləncəli oyunlarda, bilik yarışmalarında da iştirak edirdilər. Birbaşa təbiətlə təmasda olur, açıq havada vaxt keçirirdilər. Şagirdlər arasında geniş fikir mübadiləsi aparılır, mütaliə günləri təşkil olunurdu. Onlarda sağlam həyata, bilikli cəmiyyətə və saf dostluğa maraq təbliğ edilirdi. Bəzən düşərgədə yaranan dostluq münasibətləri davam edir, ölkələr, şəhərlər, kəndlər və məktəblər arasında körpülər yaranırdı.

Keçmiş sovet hakimiyyəti illərində məktəblilərin yay tətili olduqca maraqlı və əyləncəli təşkil edilirdi. Məsələn, o dövrdə dünyada ən məşhur düşərgələrdən olan Krımın cənub sahillərində yerləşən "Artek" pioner düşərgəsi 16 iyun 1925-ci ildə fəaliyyətə başlayıb. Düşərgə əvvəllər vərəm xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulub, açılış günü Moskvadan və Krımdan ilk 80 nəfər pioneri qəbul edib. 1969-cu ildə kompleksdə 150 bina, 3 tibb mərkəzi, məktəb, kinostudiya, 7 min nəfərlik stadion, bir neçə idman zalı, park və meydançalar uşaqların ixtiyarına verilib. Bununla da "Artek" dünyanın ən böyük uşaq düşərgəsinə çevrilib. 1970-ci ildə düşərgə 300 mininci sakinini qarşılayıb. Düşərgə bu gün də fəaliyyətini davam etdirir.

1992-ci ilə kimi şagirdlərin dincəlməsi üçün ölkəmizdə 50-dən çox yay istirahət düşərgəsi olub. Onlardan 16-sı Xəzər dənizi sahillərində, digərləri isə ölkəmizin başqa səfalı ərazilərində fəaliyyət göstərib. Məsələn, 1965-ci ildə Şuşada "Üç mıx" adlanan yerdə 100 nəfərlik pioner düşərgəsi, Turşsuda isə 200 yerlik pansionat tikilib və ümumən Qarabağda 17 pioner düşərgəsi yerləşib. O dövrdə ən böyük şəhərlərdə belə bu sayda məktəb düşərgələri olmayıb. Sözsüz ki, Şuşanın bənzərsiz təbiəti, təmiz havası düşərgələrin məhz burada salınmasında əhəmiyyətli rol oynayıb.

Cəbrayılın Sirik kəndində "Qala" pioner düşərgəsi də mənzərəli və səfalı bir məkanda olub. Burada yaşıl meşələr, buz bulaqlar, uca dağlar, ümumən bütün təbiət məktəblinin təfəkkürünün formalaşmasında rol oynayırdı. Vaxtilə Xəzər sahilində, Pirşağı çimərliyindən 1 kilometr aralı məsafədə sovet ittifaqı dövründə salınmış uşaq düşərgəsini misal göstərə bilərik. 15 ev və ikimərtəbəli yataqxanadan ibarət olan düşərgə 2000-ci ilə kimi fəaliyyət göstərib. Ötən əsrin sonlarından etibarən bir hissəsi özəlləşdirilib, bir hissəsində isə keçmiş məcburi köçkünlər yerləşdirilib. Məktəblilərin yay düşərgələri yenidən təşkil edilsə, bu, həm gənc nəslin düzgün tərbiyə almasında, həm də ölkəmizin bütün guşələrinin tanınmasında, təbliğində əhəmiyyətli rol oynayar.

Belə bir məqamda uşaq vaxtı məktəbli düşərgəsində istirahət etmiş, övladı Xətai rayonu 17 saylı məktəbdə təhsil alan Şəbnəm Mədətovanın məsələ ilə bağlı fikirlərini oxucularla bölüşürük: "Uşaq vaxtı mən də bacımla birlikdə yay tətilini Mərdəkanda yerləşən yay məktəbli düşərgəsində olduqca maraqlı və əyləncəli günlər keçirmişəm. Burada müxtəlif yaş qruplarına aid uşaqlar var idi. Yuxarı sinif şagirdlərinin bəziləri, hətta pioner dəstəsinin rəhbərləri təyin olunurdu. Onlar asudə vaxtımızı maraqlı keçirmək üçün müxtəlif maarifləndirici oyunlar təşkil edirdilər. Düşərgə təbiət qoynunda, yaşıllıq içində gözəl bir yerdə yerləşirdi. Qidalanmağımıza xüsusi diqqət yetirilirdir. İstəyərdim ki, bu gün həmin düşərgələrin sayı çox olsun. Övladlarımız rahat şəkildə həmin məkanlarda istirahət etsinlər. Hesab edirəm ki, indiki uşaqların telefonlardan, sosial şəbəkələrdən asılılıqlarını da bu şəkildə həll etmək olar. İndi belə düşərgələrin təşkili zamanın tələbinə çevrilib. Son illər özəl şirkətlər tərəfindən belə düşərgələr təşkil edilsə də, lakin onların əlçatanlılığı olduqca müşküldür. Dövlət tərəfindən həmin düşərgələrin yenidən təşkilinin müvafiq tədris prosesi, ölkəmizin təbiətinin tanınması və digər vacib məsələlərin aşılanması baxımından əhəmiyyəti böyükdür".

Hazırda Azərbaycanda Daxili İşlər Nazirliyinin tabeliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsi və "YAŞAT" Fondu tərəfindən şəhid övladları üçün təşkil edilən yay düşərgələri fəaliyyət göstərir. Fond tərəfindən təkcə ölkə ərazisində deyil, bir çox xarici ölkələrdə - Türkiyə, Almaniya və digər dövlətlərdə də yay düşərgələri təşkil olunur. Dövlət proqramına əsasən, vaxtaşırı olaraq Qəbələ, Nabran, Oğuz və digər rayonlarda, işğaldan azad edilmiş ərazilərdə uşaqların səmərəli istirahətləri ilə bağlı bir çox tədbirlər keçirilsə də, bunlar yetərli deyil, şagirdlərin yay istirahəti tam fərqli şəkildə yenidən qurulmalıdır.

Məsələnin aktuallığını nəzərə alıb təhsil eksperti Kamran Əsədovun bu barədə fikirlərini təqdim edirik: "Ötən əsrdə uşaqların yay tətilini səmərəli keçirmələri üçün düşərgələr var idi. Hazırda fəaliyyət göstərən düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Respublika Həmkarlar İttifaqının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgənin 3 ay ərzində uşaqları ümumi qəbul etmə imkanı 3400 nəfər, istirahət müddəti isə 21 gündür. Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı, Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Valideynlər işlədikləri müəssisənin həmkarlar ittifaqına məvaciblərinin 1 faizini ödəyirlər. Bu da o deməkdir ki, hər bir valideyn övladını uşaq düşərgələrinə böyük endirimlə göndərə bilər. Qanunvericiliyə əsasən, 180 manatlıq göndərişə 27 manat ödənilməlidir. Onu da etiraf edək ki, yay düşərgələrində uşaqların asudə vaxtı səmərəli təşkil edilmir. Burada maarifləndirici tədbirlər, film nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ekoloji biliklərin aşılanması demək olar ki, yox səviyyəsindədir.

Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilir ki, uşaqların istirahət hüququ təmin edilməlidir. Hesab edirəm ki, düşərgələrin qiymətləri reallığa uyğun olmalıdır. 21 günlük düşərgə qiymətinin 300 manat olması çox yüksəkdir, əslində, bu, 50-70 manatdan artıq olmamalıdır. Bütün bunlara Təhsil Nazirliyi, şəhər və rayon təhsil şöbələri tərəfindən nəzarət edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu, həm də əlavə iş yerləri deməkdir. Hazırda Azərbaycanda 160 min tələbə var. 3 aylıq tətil müddətində onları bu işə cəlb etməklə həm boş qalmamaları, həm də əlavə gəlir əldə etmələri təmin olunar".

Göründüyü kimi, sözügedən məsələnin həlli ilə bağlı müxtəlif təşkilat və qurumlar da eyni fikirdədir. Belə ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bu istiqamətdə görülmüş və gələcəkdə nəzərdə tutulan işlər barədə bildirdi: "Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə etməklə yanaşı, onların və ailə üzvlərinin asudə vaxtlarının daha səmərəli təşkili ilə mütəmadi məşğul olur. Ötən il ittifaq üzvü olan təhsil işçilərinin məktəbli övladlarının yay istirahətini daha yaxşı və maraqlı təşkil etmək məqsədilə Bakı şəhəri, "Hövsan" Olimpiya İdman Kompleksi"ndə təşkil olunmuş "Cırtdan" uşaq yay düşərgəsində 500 şagirdə güzəştli yollayış verilmişdir. Bu yollayışların ümumi dəyəri 252 000 manat təşkil etmişdir. Cari il isə 800 ədəd yollayışın alınması nəzərdə tutulmuşdur ki, buna da 360 000 manat xərclənəcəkdir. Yollayışlar 10 gün müddətində nəzərdə tutulur və valideynlər bunun üçün 67 manat 50 qəpik pul ödəyirlər. Şagirdlər gündə 3 dəfə yemək, əyləncəli oyunlar, idman yarışları və digər maraqlı tədbirlərlə asudə vaxtlarını keçirirlər. Belə düşərgələrin təşkil olunması təhsil işçilərinin övladlarının yay istirahətini daha maraqlı və məzmunlu keçməsinə xidmət edir və eyni zamanda şagirdlərin gərgin zehni əməkdən sonra maraqlı istirahət etmələrinə və şagird yoldaşları ilə birlikdə yay tətilini səmərəli keçirmələrinə şərait yaradır. Həmkarlar İttifaqı Respublika Komitəsi gələcəkdə belə düşərgələrin şəbəkəsinin genişləndirilməsi və daha çox şagirdin belə düşərgələrə cəlb olunması üçün müvafiq qurumlarla birlikdə məsələnin müsbət həll olunmasına çalışacaq".

Yazımızda ötənlərə nəzər salmaqla yanaşı, hər bir valideynin arzusunu, ekspertin təklifini və rəsmi dövlət qurumunun bu istiqamətdə fəaliyyətini işıqlandırmağa çalışdıq. Hər bir Azərbaycan ailəsi bu gün övladının yay istirahətini sağlam mühitdə və yararlı şəkildə keçirməsinə çalışır. Bunun üçün məktəbli düşərgələrinin azlığı bir çox problemlər yaradır. Ümidvarıq ki, gələcək illərdə şagirdlərin yay tətilinin səmərəli və əyləncəli keçirilmələri məqsədilə məktəbli düşərgələrinin sayı artırılacaq və hamı üçün əlçatanlılığı təmin olunacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".