Məlum abidələrin naməlum taleyi
Tarix

Məlum abidələrin naməlum taleyi

Və yaxud ətir qoxulu yurdun həsrəti

Erməni vəhşiliyi, vandallığı elə bir səviyyədədir ki, artıq onlar özünənəzarət prinsipini unudublar. Bu millət ölkəni inkişaf yoluna çıxarmaqdansa, daşla, divarla mübarizə aparır. Tarixən öz dağıdıcı, vəhşi əməlləri ilə məşhurlaşan ermənilər Qərbi Azərbaycan ərazilərindən 300 mindən çox azərbaycanlını didərgin saldıqdan sonra ərazilərimizdə olan bütün tarixi-mədəni abidələri məhv edib, dağıdıblar. Bir xalqın, millətin daxilində nə qədər pislik, nifrət, paxıllıq olar ki, öz heyfini daşdan, divardan çıxarır.

Ermənilər çox yaxşı bilirlər ki, onlar bu yerlərə gəlmədilər. O üzdən də qədim ərazilərimizdə olan tarixi-mədəni abidələrimizi dağıdıb, yararsız hala salıblar. Abidələrimizi məhv etməklə yanaşı, həm də öz adlarına çıxmağı da unutmayıblar. Axı onlara zəbt etdikləri ərazilərdə özlərini təsdiq etmək üçün saxta tarix lazımdır. O üzdən də, bir çox qədim abidələrimizin üzərində saxta tarixlər, erməni yazıları həkk ediblər ki, dünyanı aldada bilsinlər.

İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarixi və mədəni abidə məhv edilib. Ermənilər ötən 30 illik işğal dövründə Qərbi Azərbaycanda xalqımızın mədəni irsinə qarşı soyqırımı həyata keçiriblər. Onlar qədim torpaqlarımızda azərbaycanlıların izini itirmək üçün tarixi abidələri məhv edib, ya da özününküləşdiriblər.

Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan adlanan ərazilərimizdə minlərlə tarixi-memarlıq abidələrimiz, karvansaralar, məscidlər, məqbərələrimiz olub. Azərbaycanlıların yurd yerlərindən didərgin salınması nəticəsində abidələrimizin taleyi haqqında dəqiq məlumatımız yoxdur. Yalnız onu bilirik ki, heç bir abidəmiz salamat deyil, ya tamamilə dağıdılıb, məhv edilib, ya da erməni abidəsi kimi təqdim olunur. Təkcə İrəvan şəhərində olan tarixi abidələrdən yalnız Təpəbaşı məhəlləsinin çox cüzi qalıqlarının qaldığını bilirik. Bir də Göy məsciddir ki, onu da fars məscidi adı ilə təqdim edirlər. Ancaq Qərbi Azərbaycan ərazisində tariximizi, mədəniyyətimizi təsdiq edən minlərlə abidələr olub. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri memarlıq əsəri olan 310 məscid mövcud olmuşdur.

Öz möhtəşəmliyi, əhəmiyyəti ilə Azərbaycan mədəni tarixinin bir hissəsini təşkil edən abidələrimiz təkcə İrəvan şəhərində olmayıb. Bütün Qərbi Azərbaycan ərazisi tarixi-memarlıq abidələri ilə zəngin olub. Bu yerlər tarixilik baxımından o qədər zəngindir ki, hətta bütöv bir kənd, əyalət belə özlüyündə böyük tarixi abidə kimi qiymətləndirilir. Belə abidələrdən biri də Zəngəzur vilayətinin qədim Gülab kəndidir. Onu da qeyd edək ki, kəndin adını sonralar ermənilər dəyişərək Şinuayr qoymuşlar. Ərazinin gözəl təbiətinin xüsusi və spesifik xoş qoxusu olduğu üçün azərbaycanlılar kəndi belə adlandırmışdılar. Hətta insanlar bu xoş qoxunu gülab ətri ilə müqayisə edirmişlər. Gülabın dörd bir tərəfi dağlarla əhatələnib. Yaşıl meşələr, sıldırım qayalar gülab qoxulu cənnətin bir parçasına bənzəyir. Təəssüflər olsun ki, indi bu gözəl mənzərədən yalnız səssiz, sükuta qərq olmuş, dağılmış ərazi qalıb. Kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənubda, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. O da məlumdur ki, Zəngəzur qəzası 1930-cu ildə heç bir əsas olmadan Ermənistanın tərkibinə qatılmışdır. Baxmayaraq ki, kəndin bütün əhalisi azərbaycanlılardan ibarət olub.

Gülab kəndinin tarixi XVII əsrə aid edilsə də, ərazidə eramızdan əvvəl l-ll minilliyə aid Oğuz-az mədəniyyətinə aid daş nümunələr, Azərbaycan tarixində ənənəvi olan at-qoç fiqurları, eləcə də alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri mövcud olmuşdur. Bunlarla yanaşı, kənddə XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai binalar və məscid də olmuşdur. Bütün tarixi-mədəni abidələr, ərazinin coğrafi relyefi, binalar və hətta məscid sübut edir ki, bura tarixən qədim Azərbaycan kəndidir. 1988-1990-cı illərdə erməni etnik təmizləmə siyasətinin nəticəsində Gülab kəndinin də əhalisi ərazidən didərgin düşüblər. Tarixdə vandal, vəhşi əməlləri ilə tanınan ermənilər kəndi dağıdaraq, bütün tarixi-mədəni abidələri məhv etmişlər. Kənddə olan 300, ətraf ərazilərdə isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr də erməni vəhşiliyinin qurbanı olub. İndi digər ərazilərimiz kimi, ətir qoxulu Gülab kəndi də xarabalığa çevrilib. Bu isə Azərbaycan tarixinə, mədəni irsinə terrordur. Dağıdılan, erməni vəhşiliyinin qurbanı olan ərazilərimiz, abidələrimiz cənnət diyarın cəhənnəm qismətini yaşayır. Cənnət qoxuyan, gülab ətirli, Vətəndə qərib olan Qərbi Azərbaycan elləri gün gələcək öz həqiqi sahiblərinə qovuşacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".