Bakı metrosundakı terrordan 30 il ötür
Tarix

Bakı metrosundakı terrordan 30 il ötür

Bakı metrosunda 1994-cü il martın 19-da və iyulun 3-də terror aktları baş verib. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.

30 il əvvəl – 1994-cü il iyulun 3-də saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib. Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub və 58 nəfər isə yaralanıb.

Qeyd edək ki, “28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edildi. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirdi ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Bunu da qeyd edək ki, İkinci Qarabağ müharibəsində əsir götürülən iki erməninin məhkəməsi zamanı zərərçəkən azərbaycanlılardan biri maraqlı ifadə verib. O, Bakıda metronu partladan Azər Aslanovla bir yerdə əsirlikdə olduğunu bildirib: "Mən, Sergey, Azər Aslanov və başqa bir əsir bir yerdə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə. Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. İki saatdan sonra Azər gəldi. Sonra Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatlandıranlardan biri də Mkrtıçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandıraraq buraxdılar. Həmin il Azər Aslanov əsirlikdən qayıtdı və Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra isə Sergeyin güllələnərək öldürüldüyünü eşitdim".

Bayram SALMANOV,

"Respublika".