Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 23-cü günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

19 oktyabr

  • Vətən müharibəsinin 23-cü günündə Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonu ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirib. Bir gün öncə - oktyabrın 18-də Xudafərin körpüsü üzərində bayrağımızı ucaldan rəşadətli hərbçilərimiz işğalçı Ermənistan ordusunun bu istiqamətdə müqavimətini qıraraq Cəbrayıl rayonunun 13 kəndini azad ediblər. Müzəffər Ordumuzun ön hissələri işğal altındakı Zəngilan rayonunun hüdudlarına çatıblar.
  • Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.
  • m Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!".
  • Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkə başçısı deyib: "Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi".
  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Prezident bildirib ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə onları yerinə yetirməyə çalışır və buna hazırdır. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud surətdə pozur.
  • Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı "twitter"də paylaşım edib: "Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub".
  • Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb. Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsü yayılıb.
  • Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini, 2 ədəd T-72 tankını, 2 ədəd BM-21 "Qrad" YARS qurğusunu, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını və 11 avtomobil texnikasını sıradan çıxarıb.
  • Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.

"Respublika".