Anti-Azərbaycan bloku yenidən fəallaşır
Siyasət

Anti-Azərbaycan bloku yenidən fəallaşır

"Freedom House" və bu tipli bir çox beynəlxalq qurumların əsas fəaliyyəti supergüclərin, xüsusilə də ABŞ və "qoca qitə"nin maraqlarını qorumağa xidmət edir. Onlar həmin güclərin siyasətinin qlobal miqyasda həyata keçirilməsində alət rolunu oynayırlar. Məhz bu kimi proksi qüvvələr vasitəsilə digər ölkələrdə insan hüquq və azadlıqları və siyasi azadlıqlarla bağlı hesabatlar yayılır, ölkələrə təzyiqlər göstərilir.

"Freedom House" təşkilatının növbəti hesabatı ənənəvi olaraq qərəzliliyi ilə seçilir. İlk öncə, qeyd edək ki, bu təşkilat Azərbaycan torpaqları işğal altında olduğu müddətdə Ermənistanın törətdiyi hərbi cinayətlərə, etnik təmizləmə siyasətinə heç bir reaksiya verməyib. O ki qaldı son hesabata, qüdrətli Azərbaycan dövlətinə bu kimi nonsens arqumentlərlə təzyiq göstərmək xəyaldan başqa bir şey deyil.

Ermənistan silahlı qüvvələri və separatçıların qanunsuz dəstələri antiterror tədbirlərinə qədər Qarabağdan çıxmırdılar. Onlar işğalçı ordu funksiyasını yerinə yetirirdilər. Heç təsadüfi deyil ki, bu yaxınlarda tarixin qaranlıq arxivinə göndərilmiş keçmiş xunta rejiminin "rəhbərləri" belə Qarabağ ərazisində yerləşən hərbi birləşmələrin Ermənistan ordusunun şəxsi heyəti olduğunu təsdiqləyiblər. Ərazi bütövlüyümüz və suverenliyimiz naminə başlatdığımız haqq işinə kölgə salmağa çalışan separatçılar torpaqlarımızdan beynəlxalq hüququn norma və prinsipləri əsasında çıxarılıblar. BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını təkbaşına yerinə yetirən Azərbaycana bu gün fərqli yollarla təzyiq etmək qəbuledilməzdir.

Erməni əhalinin bölgəni tərk etməsinə gəldikdə, burada da qərəzli münasibətin şahidi oluruq. Bölgədə yaşayan erməni əhalisinə Azərbaycan dövləti rəsmi səviyyədə bir neçə dəfə müraciət etdi. Ən son müraciət 2023-cü ilin 21 sentyabrında Prezident İlham Əliyev tərəfindən edildi və onlara Azərbaycan qanunlarını qəbul edərək bölgədə yaşamaq təklif olundu. Amma Ermənistan, onun Qərbdəki havadarları, xüsusilə də Fransa öz planlarına uyğun olaraq yerli əhalini qorxutdular. Nəticədə onlar rəsmi Bakının reinteqrasiya çağırışlarına baxmayaraq, bölgəni tərk etdilər.

Verilən bəyanatın əksinə olaraq proses zamanı zorakılıq hallarının baş vermədiyi həm çəkilən videogörüntülərdən, həm də əhalinin söylədiklərindən tam aydın olur. Bir məqamı da qeyd edim ki, dövlətimiz tərəfindən orada məskunlaşmış əhalinin qeydiyyatı üçün internet portalı yaradılmışdı və o bu gün də fəaliyyət göstərir. Amma hər kəs bilir ki, bu gün portala hazırda Qarabağdan köçüb Ermənistana yerləşən insanlar daxil ola bilmirlər. Görünür, "Freedom House" kimi təşkilatlar sadəcə məsələlərə öz pəncərələrindən baxırlar. Bütün bunları hesabatın qərəzli olduğunu demək üçün kifayət edir. Hamıya məlumdur ki, bu təşkilatın anti-Azərbaycan siyasəti pik həddə çatıb. Məhz bu kimi hesabatlar bunu təsdiq edir.

Oqtay QASIMOV,

politoloq.