Azərbaycanın qlobal iqlim diplomatiyası
Siyasət

Azərbaycanın qlobal iqlim diplomatiyası

Dünya ictimaiyyəti qarşıya iddialı iqlim hədəfləri qoyan Azərbaycanın ev sahibliyi edəcəyi konfransı - COP29-u həyəcanla gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ekoloji dayanıqlılığa dair mövqeyi iqtisadi artımı tarazlaşdırmaqla yanaşı, ölkəmizin daha "yaşıl gələcəyə" keçidə sadiqliyini əks etdirir.

Tarixən zəngin neft ehtiyatları ilə tanınan Azərbaycan bərpaolunan enerji mənbələrindən istifadəyə böyük önəm verir. Ölkəmizin strateji mövqeyi günəş və külək enerjisindən istifadə etmək üçün geniş imkanlar yaradır. Dövlətimiz enerji siyasətini şaxələndirməkvə qalıq yanacaqlardan asılılığı azaltmaq məqsədilə günəş parkları və külək stansiyalarının yaradılmasına böyük həcmdə investisiya qoyub. Bərpaolunan enerjiyə keçid ölkəmizin ekoloji siyasətində mühüm mərhələdir. Bu, Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarının azaldılmasına və bərpaolunan enerji infrastrukturuna innovativ texnologiyalar və sərmayələr qoymaqla enerji müstəqilliyinin artırılmasına proaktiv yanaşmasını əks etdirir. Azərbaycan öz enerji siyasətini şaxələndirmək üçün iddialı hədəflər seçib.

İyulun 2-də Azərbaycan ilə İtaliyanın "CESI" şirkəti arasında "yaşıl enerji dəhlizi" üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika naziri Pərviz Şahbazovun İtaliyaya səfəri çərçivəsində "CESI" şirkətinin icraçı direktoru Nicola Melchiottinin rəhbərliyi ilə geniştərkibli görüş keçirilib. Görüşdə "Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında "yaşıl enerji dəhlizi"nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpaolunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. "Yaşıl enerji dəhlizləri" təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdə tutulduğu qeyd olunub və COP29 çərçivəsində birgə tədbirin keçirilməsi barədə razılığa gəlinib. Energetika naziri Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə də görüşüb. Görüşdə enerji sahəsində və Azərbaycanın COP29-a, İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə mövzusu olub.

2030-cu ilə qədər bərpaolunan mənbələrdən elektrik enerjisinin əhəmiyyətli hissəsinin istehsalına dair iddialı hədəf Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə fəal mövqeyini əks etdirir. Bu cür təşəbbüslər nəinki daha təmiz ətraf mühit vəd edir, həm də qlobal iqlimlə mübarizə səylərinə töhfə verir. "Yaşıl enerji" siyasətindən əlavə, Azərbaycanın COP29-a sədrliyi onun dünyada artan nüfuzunu nümayiş etdirir. COP29-da müxtəlif maraqlı tərəflər arasında uğurlu əməkdaşlığın qurulacağına, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uçurumların aradan qaldırılacağına şübhə yoxdur. Bundan əlavə, Azərbaycanın COP29-a sədrlik təcrübəsi onu gələcək iqlim danışıqlarında əsas oyunçuya çevirəcək. Avropa və Asiyanın kəsişməsindəki unikal mövqeyindən istifadə etməklə Azərbaycan daha davamlı və dayanıqlı dünya naminə qlobal səylərə təsir göstərməyə hazırdır.

Azərbaycan proaktiv yanaşması ilə iqtisadi artımı, ekoloji dayanıqlılığı tarazlaşdırmağa çalışan ölkələr üçün modeldir. Ölkəmizin bərpaolunan enerji layihələrini həyata keçirmək istəyi Azərbaycanın Cənubi Qafqaz regionunda bərpaolunan enerji qovşağı kimi potensialından istifadə etmək arzusunda olan yerli və beynəlxalq investorları cəlb edir. İrimiqyaslı günəş və külək enerjisi stansiyaları Azərbaycanın iqtisadi artıma təkan verən davamlı inkişafa sadiqliyinə nümunədir. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında anlaşılmazlıqların aradan qaldırılmasında mühüm rol oynamışdır. İqtisadi inkişafın ətraf mühitin mühafizəsi ilə tarazlaşdırılması geosiyasi mürəkkəblikləri idarə olunmasını və "yaşıl texnologiya"lara ədalətli çıxışı təmin etməyi tələb edir. Bərpaolunan enerjiyə keçid ətraf mühitin mühafizəsi səylərini dəstəkləməlidir.

Dünyanın misli görünməmiş iqlim problemləri ilə üzləşdiyi bir vaxtda Azərbaycanın fəal mövqeyi onun davamlı inkişafa və qlobal əməkdaşlığa sadiqliyini göstərir. Azərbaycan daha "yaşıl", daha davamlı gələcəyə doğru inamla irəliləyir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".