Ağ Ev Cənubi Qafqazda sülhü təmin etmək arzusundadır
Siyasət

Ağ Ev Cənubi Qafqazda sülhü təmin etmək arzusundadır

İyulun 9-11-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Şimali Atlantika Müqaviləsi Təşkilatının sammiti keçiriləcək.

Sözügedən tədbir hərbi blokun yaradılmasının 75-ci ildönümünə həsr ediləcək. Bununla belə, iclas çərçivəsində aktual olan qlobal mövzular müzakirə ediləcək. Cənubi Qafqazda sülhün əldə edilməsi məsələsi də NATO-nun toplantısında masaya gətiriləcək. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel iyulun 2-də keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, ölkəsi Azərbaycan və Ermənistanla Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret məsələlər ətrafında müzakirələri davam etdirəcək.

Vaşinqton rəsmisinin sözlərinə görə, iki ölkə arasında davam edən müzakirələr ABŞ Dövlət Departamenti üçün prioritetdir. Vedant Pateldən öncə isə Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken rəsmi Bakı və İrəvan arasında sülh üçün müstəsna imkan olduğunu diqqətə çatdırmışdı. Vaşinqton təmsilçisi vurğulamışdı ki, bu prosesin tamamlanması regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından fürsətlər yaradacaq.

Ümumiyyətlə, son dövrlərdə Vaşinqton Cənubi Qafqazda sülhün əldə olunması üçün səylərini artırıb. Buna misal olaraq ABŞ Dövlət katibinin müavini Ceyms Obraynın əvvəlcə İrəvana, daha sonra isə Bakıya səfərini göstərə bilərik. Ağ Evin intensivləşən siyasətinin əsas səbəbi ölkədə keçiriləcək prezident seçkiləri ola bilər. Çünki Amerikada demokratların vəziyyəti pisdir, Bayden Trampla debatı uduzub, onun namizəd olaraq dəyişdirilməsi məsələsi də gündəmə gəlib. Bunun fonunda A.Blinkenin Bakı ilə İrəvan arasında sülhün əldə olunmasına tələsməsi ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır. O çalışır ki, seçkilər ərəfəsi Azərbaycanla Ermənistan arasında sülh məsələsində hansısa nəticəyə nail olunsun. Digər tərəfdən nəzərə almaq lazımdır ki, söhbət yekun deyil, ilkin sənəddən gedir. Yəni gələcək sülh prosesinin tezisləri, cizgiləri, parametrlərini təsbit etmək üçün ilkin sənəd vacibdir. Orada sərhəd məsələsi, delimitasiya, kommunikasiyaların bərpası, qarşılıqlı tələblər, humanitar mövzular, siyasi məsuliyyət, hüquqi sənədlərin sülh sazişinə uyğun şəkildə dəyişməsi var ki, bunlar da vaxt alan prosesdir. Blinkenin açıqlamasında da təxminən bu məqamlara toxunulur.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Vaşinqton Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı bir vaxtda Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq, xüsusilə İrəvanın Kremldən tamamilə uzaqlaşması üçün regional layihələrdə iştirakını, Orta Dəhlizə qoşulmasını təmin etmək istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasında məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, İrəvanın Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır. Bu səbəbdən də Vaşinqton rəsmiləri Ermənistana səfərlər edərək erməni siyasətçilərə yeni yol xəritələri təqdim edirlər. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin "NATO sammiti çərçivəsində işləməyi davam etdirəcəyik" deməsi də məhz bu məqamla bağlıdır. Deməli, Birləşmiş Ştatlar Paşinyan və komandasına müəyyən tapşırıqlar verəcək.

Amma bu məqamda qeyd etmək lazımdır ki, əgər rəsmi Vaşinqton Cənubi Qafqazda əmin-amanlığa nail olmaq istəyirsə, prosesin bütün tərəfləri üzərində dayanmalı, qeyri-müəyyənliyə əsaslanmış təəssübkeşliyi deyil, beynəlxalq prinsipləri rəhbər tutmalıdır. Çünki Azərbaycan bundan sonra heç bir ədalətsizliyə imkan verməyəcək. Bunu ABŞ da, ümumilikdə kollektiv Qərb də bilməli və birmənalı şəkildə dərk etməlidir.

J.VAQİFQIZI,

"Respublika".