Qoşulmama Hərəkatına sədrlik – uğurlu miras
Siyasət

Qoşulmama Hərəkatına sədrlik – uğurlu miras

"Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiq qalır". Bu fikirləri Prezident İlham Əliyev 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının nazirlər konfransı zamanı bildirib.

Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi hadisə idi. Məhz həmin konfransda Hərəkata sədrlik Venesueladan Azərbaycana keçdi, Prezident İlham Əliyev təşkilatın sədri elan edildi.

Beləliklə, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdi. Bu, həqiqətən çox əlamətdar hadisə kimi tarixin səhifəsinə yazıldı. Ən önəmlisi isə ölkəmizin Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra dünyanın ikinci ən böyük beynəlxalq siyasi təşkilatına üzv ölkələrin yekdil qərarı ilə təşkilata əlavə daha bir il - 2023-cü ilədək sədrlik etməsi idi. Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla sədrlik etdi və bu, beynəlxalq səviyyədə də xüsusi qeyd edilir.

Bu günlərdə Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən səfir Henri Jr. Bensurto Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük irs qoyduğunu və ölkəmizin Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını bildirib. Dövlət başçısı isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Təsadüfi deyil ki, Azərbaycanın sədrlik etdiyi illər Qoşulmama Hərəkatının qızıl dövrü adlandırılır. Çünki məhz bu dövrdə Hərəkatın dünyada nüfuzu artdı. Ölkəmizin Hərəkata sədrlik etdiyi illər dünyanın COVID-19 bəlası ilə üz-üzə qaldığı dövrə təsadüf etdi. Belə bir çətinliyə baxmayaraq, Qoşulmama Hərəkatı dünyanın ən aktiv beynəlxalq təşkilatı kimi fəaliyyət göstərdi. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, qurumun institusional inkişafına ciddi töhfələr verdi, Qoşulmama Hərəkatı, sözün əsl mənasında, qızıl dövrünü yaşadı. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlükdən başlayan yolu Avropa Şurasına üzvlüyə, Avropa İttifaqı, NATO ilə əməkdaşlığa, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına və digər çoxsaylı beynəlxalq təşkilatlara üzvlüyə qədər inkişaf etdi, xarici siyasət istiqamətində yeni önəmli addımlar atıldı, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi.

Ölkəmiz Qoşulmama Hərəkatının timsalında özünün haqq səsini dünyaya çatdırdı, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalana bildi. 2020-ci ilin Vətən müharibəsi başlayanda Qoşulmama Hərəkatına üzv olan yeddi ölkə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını böyük cəsarətlə aldı. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra üzləşdiyi dağıntılar, mina problemi, ərazilərin bərpası, itkin düşmüşlərin taleyi ilə bağlı məsələlərin həlli istiqamətində də Hərəkata üzv ölkələr arasında tərəfdaşlarımız çoxaldı. Belə ki, dövlət başçısının Hərəkata üzv dövlətlərin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ilə bağlı təşəbbüsü də böyük dəstək qazandı.

Hərəkata sədrliyi dövründə Azərbaycan fəallığı ilə seçildi, böyük ideyalarla çıxış etdi və bu ideyaların gerçəkləşdirilməsinə nail oldu. Ölkəmizin səyi nəticəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis edildi. 2022-ci il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı keçirildi. Konfransdan bir ay keçməmiş - iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqləndi. Gənclər Təşkilatı Hərəkatın üzv dövlətlərinin gənc nümayəndələrinə çağırışlar etmək, fikir söyləmək və mübadilələr aparmaq, dövlətlərlə birgə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır. Bir sözlə, sədrlik dövründə Azərbaycan Hərəkatın çox böyük potensiala malik olduğunu praktiki şəkildə sübuta yetirdi və bütün dünya gördü ki, Qoşulmama Hərəkatı həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün ən yaxşı platformadır.

Bu gün təşkilatın Bakı Təşəbbüs Qrupu üzv dövlətlərin azadlıq mübarizəsinə dəstək göstərir. Bunun nəticəsidir ki, müstəmləkəçiliyə qarşı mübarizə aparan ölkələr nümayişlərdə öz bayraqları ilə yanaşı, Azərbaycan bayrağını da daşıyırlar. 2023-cü ilin noyabrında təşkilatın Qadınlar Platforması da təsis edilib. Prezident İlham Əliyevin Hərəkatın "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir: "Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir".

Zümrüd QURBANQIZI,

"Respublika".