Nisgil ümidə çevrilir
Tarix

Nisgil ümidə çevrilir

Bu bir həqiqətdir ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Gəlin tarixə nəzər salaq.  İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri, Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747-1828-ci illərdə mövcud olmuş tarixi feodal dövləti olub.

İrəvan xanlığının əsası XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. İrəvan xanlığının mərkəzi İrəvan şəhəri idi. 1827-ci il oktyabrın 6-da İrəvan xanlığı Rusiya İmperiyası tərəfindən işğal edildi və bu işğal 1828-ci il fevralın 10-da Türkmənçay sülh müqaviləsi ilə möhkəmləndi. Sözügedən müqavilənin 15-ci bəndinə əsasən Qacarlar və Osmanlı imperiyası ərazisində yaşayan erməni əhalisi Cənubi Qafqaza köçürüldü. Ozamankı rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmana görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv edilib, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni vilayəti" adlanan yeni inzibati qurum yaradıldı. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək İrəvan quberniyası qoyuldu. Ərazilərinin genişləndirilməsi məqsədini güdən ermənilər isə 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri, daha dəqiq desək, Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin erməniləşdirilməsi prosesi başlandı. Beləliklə, imperialist dairələrin məkrli məqsədləri və himayəsi ilə XX əsrin əvvəllərində Qərbi Azərbaycan ərazisində Ermənistan adlı dövlətin qurulması mümkün oldu. Yəni ermənilər konkret olaraq Azərbaycanın qərbində Ermənistan dövləti qurdular və azərbaycanlıları öz tarixi dədə-baba yurdlarından deportasiya etdilər. Bütün bunlar azmış kimi, tamahkar Ermənistan Qarabağa da göz dikdi. SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanın ozamankı rəhbərliyi səriştəsiz olduğundan Azərbaycan Qarabağı da itirdi. Beləlikə, 20 faiz torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır: "Bu, tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Xalqımızın Qarabağ və Şərqi Zəngəzuru Ermənistanın 30 illik işğalından azad etməsindən sonra, bu təcavüzkar, başabəla toplumun sülhə gəlməməsi, əksinə, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməsi Azərbaycan dövlətini tarixi həqiqətə yenidən nəzər salmağa məcbur etdi. Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb. Bu isə beynəlxalq təşkilatların müvafiq qanunlarının, ən əsas da İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın pozulması deməkdir. Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz torpaqlarına qayıtmalıdırlar. Ötən ilin 24 dekabrında Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüş keçirdi. Prezident həmin görüşdə tarixi və siyasi müstəvidə bir sıra mühüm məqamları açıqladı. Dövlət başçısının həmin çıxışı Qərbi Azərbaycana qayıdışın yol xəritəsini təşkil edir. Prezident soydaşlarımızın tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarına əminliyini ifadə edib. Cənab Prezident sözügedən görüşdə bu ədalətsizliyin təkcə Azərbaycan və azərbaycanlılara deyil, həm də bütövlükdə türk dünyasına vurulan zərbə kimi qiymətləndirib. Qeyd etmək lazımdır ki, 30 illik işğaldan sonra Azərbaycan öz torpaqlarını, Qarabağ və Şərqi Zəngəzuru azad etdi. Lakin işğaldan azad etdiyimiz ərazilərdə hələ də ermənilər yaşamaqdadır. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin reinteqrasiyası üçün iki dəfə çağırış edib. Həm də onu da bildirmək zəruridir ki, əgər Azərbaycanda ermənilər yaşayacaqsa, azərbaycanlılar da Ermənistanda yaşamalıdır. Çünki o ərazilər tarixi Azərbaycan torpağıdır. Yüz minlərlə azərbaycanlı illərdir öz dədə-baba yurdlarının həsrəti ilə yaşayır.

Xatırladaq ki, bu il 28 mart tarixində Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin bütün rəsmi dillərində yayılıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan öncə, yanvar ayında Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Onu da bildirmək yerinə düşür ki, iyunun 12-də Avropa İttifaqı (Aİ) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib. Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş etmişdi. Aİ bu müraciətlərə rəsmi cavab verib. Aİ cavabında bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edərək bu məsələnin daha geniş sülh prosesi çərçivəsində həllinin əhəmiyyətini qeyd edib.

Beləliklə, Qərbi azərbaycanlıların nisgili ümidə çevrilir. Ermənilər istəsə də, istəməsə də, Qərbi azərbaycanlılar öz yurdlarına geri qayıdacaq. 44 günlük Vətən müharibəsində öz gücü hesabına ədaləti bərpa edən Azərbaycan bu tarixi ədaləti də özü qaydasına salacaq.  O torpaqların əsl sahibləri ata yurdlarına qayıdacaq. Buna heç kim şübhə edə bilməz!

Nuranə DAXİLQIZI,

"Respublika".