HƏZİN NƏĞMƏ KİMİ YADDAŞLARA KÖÇƏN TƏLƏBƏLİK İLLƏRİ...
Bölgələr

HƏZİN NƏĞMƏ KİMİ YADDAŞLARA KÖÇƏN TƏLƏBƏLİK İLLƏRİ...

Lənkəran Dövlət Universiteti respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Universitetdə 5565 bakalavr, 404 magistr olmaqla, ümumilikdə 5969 nəfər təhsil alır. Bu günlərdə 1143 bakalavr və magistr buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək məzun adını qazanıb. Universitetin tədris korpusunun qarşısında ənənəvi "Məzun günü" keçirilib.

Tədbirin əvvəlində ölkəmizin Dövlət Himni səsləndirilib. Universitetin rektoru, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq təhsil ocağının uğurlarından söhbət açıb. Qeyd olunub ki, son illər maddi-texniki və tədris avadanlıqları ilə təchiz olunmuş 3 tədris binası tikilib istifadəyə verilib, 8 il ərzində tələbələrin sayı 3 dəfəyə yaxın artıb. Yaxın vaxtlarda laboratoriyalar üçün nəzərdə tutulmuş beşmərtəbəli binanın inşasına başlanılacaq.

Universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirən rektor professor-müəllim və tələbə heyətinin mobilliyini təmin etmək məqsədilə həm ölkədaxili ali təhsil, elm və istehsalat müəssisələri, həm də xarici ölkələrin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq protokollarının imzalandığını qeyd edib. Hazırda 50-dən çox ali təhsil müəssisəsi ilə beynəlxalq əməkdaşlıq müqaviləsi bağlanılıb, 10 universitetlə tələbə mübadiləsi həyata keçirilir.

Rektor müstəqil həyata mütəxəssis vəsiqəsi qazanan məzunları təbrik edib, hər birinə həyat yollarında uğurlar arzulayıb. Doğma universitetin adını hər yerdə uca tutmağı, göstərilən etimadı layiqincə doğrultmağı tövsiyə edib. Təhsilin modernləşdirilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, kadr hazırlığında kompleks tədbirlərin bundan sonra da ardıcıl surətdə davam etdiriləcəyini bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illərdə universitetlə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafında rolunu, xarici universitetlərlə əməkdaşlığını, beynəlxalq əlaqələrini iki yüksək dəyərləndirib.

İcra başçısı məzunlara müstəqil Azərbaycanın sürətli inkişafı və tərəqqisi naminə işgüzarlıqla çalışmağı, azərbaycançılıq ideologiyasına daim sadiq qalmağı, doğma Lənkəranın adını həmişə uca tutmağı arzulayıb.

Tədbirdə Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, valideyn Xanımnaz Əliyeva, məzunlardan Sevda Hüseynova, Aytəkin Ağazadə çıxış edərək məzunlara gələcək həyat yollarında uğurlar arzulayıblar.

Universitetin kollektivi "Regional İnkişaf" İctimai Birliyi ilə səmərəli əməkdaşlığına görə Təşəkkürnamə ilə təltif edilib. Təhsil ocağını yüksək qiymətlərlə bitirən, ictimai fəallığı ilə seçilən məzunların, qabaqcıl tələbələrin bir qrupu təşəkkürnamə, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıb. Bakalavr və magistrlərə diplomlar təqdim olunub.

"Məzun günü" Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müsiqi kollektivlərinin hazırladığı şən və maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb. Beləcə tələbəlik illərinin son akkordları təsirli anlarla, gözəl xatirələrlə yaddaşlara köçüb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".