“Ay-ulduzlular”ın növbəti qələbəsi
İdman

“Ay-ulduzlular”ın növbəti qələbəsi

Artıq bir neçə həftədir ki, futbol azarkeşlərinin ürəyi Almaniyada döyünür. Sayca 17-ci dəfə keçirilən futbol üzrə Avropa çempionatında hər mərhələ başa çatdıqca, həyəcan bir qədər də artır. Avro-2024 futbol turnirinin 1/8 final mərhələsinin yekun oyunları keçirilib.

Günün sonuncu qarşılaşması Avstriya-Türkiyə milli komandalarının oyunları ilə yekunlaşıb. Görüş 1-2 hesabla "Ay-ulduzlular"ın möhtəşəm qələbəsi ilə başa çatıb. Nəticədə qardaş ölkənin futbol komandası 1/4 final mərhələsinə yüksəlib. "Ay-ulduzlular"ın hər iki qoluna Merih Demiral imza atıb. 26 yaşlı müdafiəçi 1-ci və 59-cu dəqiqələrdə fərqlənərək komandasının qələbəsini təmin edib. Qarşılaşmanın son dəqiqələri azarkeşlər üçün daha həyəcanlı keçib. Türkiyəli qapıçı Mert Günokun əsas vaxta əlavə edilmiş dəqiqələrdə göstərdiyi çeviklik isə kritik anlar yaşadıb. Oyunu şərh edən İTV əməkdaşı Tural Dadaşov Mertin bu refleksini "İlahi müdaxilə" adlandırıb. Onun şərhi Türkiyə mediasında gündəmə çevrilib. Türkiyə mediası Tural Dadaşovun bu reaksiyasını "Qardaş ölkə Azərbaycan da ən az bizim qədər sevinir" başlığı ilə tirajlayıb.

Azərbaycanlı futbol azarkeşləri milli komandalar səviyyəsində keçirilən bütün turnirlərdə Türkiyəni öz komandaları kimi dəstəkləyir. Türkiyə millisi AVRO-2024 turnirində yoluna davam etdiyindən ölkəmizdə çempionata maraq əvvəlki səviyyədə davam edir. Azərbaycan və Türkiyədə iyulun 6-da Türkiyə-Niderland arasında keçiriləcək 1/4 final mərhələsinin oyununu böyük səbirsizliklə gözləyirlər. Çılğın türklər bu dəfə də Almaniyanı öz bayraqlarıyla rənglərə boyayacaqlar. Maraqlı faktlardan biri də odur ki, çempionata Almaniyanın ev sahibliyi etməsinə baxmayaraq, türkiyəli azarkeşlər aktivliyə görə hətta almanları belə geridə qoyublar. Stadionlara gələn azarkeşlərin arasında türklər say etibarı ilə ilk pillədə yer alıblar.

Türkiyə millisi bu günə kimi iştirak etdiyi turnirlərdə ən yaxşı nəticəni 2002-ci il Dünya çempionatı və 2008-ci il Avropa çempionatında göstərmiş, hər ikisində yarımfinal mərhələsinə qədər gəlib çıxa bilmişdi. Budəfəki Avropa çempionatında da türkiyəli futbolçular həmin nəticəyə çox yaxındırlar. Bunun üçün tək maneə isə Niderland millisidir. Bu səddi keçmək çətin kimi görünsə də, türklər bunun da öhdəsindən gələ bilər.

Avropa çempionatının final mərhələsində F qrupunda mübarizəyə qatılan "Ay-ulduzlular" Portuqaliya, Çexiya və Gürcüstan yığmaları ilə keçirdiyi qarşılaşmalarda iki dəfə qələbə qazanıb, bir oyunda isə məğlubiyyətlə barışmalı olub. Çempionatın ilk oyununda Gürcüstan yığmasını 3-1 hesabı ilə məğlub edən türklər, daha sonra Portuqaliyaya 3-0 hesabı ilə uduzublar. Qrup mərhələsinin sonuncu oyununda isə Çexiyanı 2-1 hesabı ilə üstələyiblər.

AVRO-2024-də diqqətçəkən məqamlardan biri də Türkiyə millisinin keçirdiyi qrup oyunlarında göstərdiyi nəticələrin AVRO-2008-dəki kimi təkrarlanmasıdır. 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən futbol yarışında builki kimi Portuqaliya və Çexiya ilə eyni qrupda mübarizə aparıb. Digər komanda isə İsveçrə olub. Yuxarıda qeyd olunduğu kimi, AVRO-2008-də yarımfinal mərhələsinə qədər yüksələn türklər iki qələbə qazanaraq 6 xalla qrup ikincisi olmuşdu. Yeganə məğlubiyyət isə Portuqaliya ilə keçirilən oyunda yazılmışdı. Ümumilikdə isə 2008-ci il Avropa çempionatı Türkiyə millisi üçün müvəffəqiyyət ili hesab olunur. Hazırda futbolçular həmin ilin ruhu ilə mübarizə aparmağa çalışdıqlarını deyirlər.

Musa BAĞIRLI,

"Respublika".