Çətin sınaqların, gərgin mübarizələrin nəticəsi
Tarix

Çətin sınaqların, gərgin mübarizələrin nəticəsi

1924-cü il 9 fevral tarixli dekretlə Naxçıvan muxtar vilayəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik, dini və milli xüsusiyyətləri özündə əks etdirən tarixi abidələrin məskəni, elmin, sənətkarlığın beşiyi sayılan Naxçıvan Şərqin mədəniyyət mərkəzi kimi dünya sivilizasiyasına əvəzsiz töhfələr bəxş etmişdir. XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan bu qədim diyar zamanın gərdişində böyük tarixi hadisələrə şahidlik etmiş, gərgin mübarizələr meydanına çevrilmişdir. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın tarixi torpaqlarının Rusiya imperiyası və İran arasında bölüşdürülməsi nəticəsində Naxçıvan xanlığı ləğv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur mahalı Ermənistana güzəştə gedildikdən sonra Naxçıvana muxtariyyət verilməsi zərurəti yaranmışdı, əks təqdirdə bu tarixi ərazimizin də ermənilərə bağışlanacağı istisna deyildi. Bu ideyanı reallığa çevirmək istəyənlər artıq fəaliyyətə başlamışdılar. Belə ki, mənfur qonşularımız Naxçıvan camaatına zülmlər edir, soyqırımları törədir, işgəncələr verməklə xalqı doğma torpaqlarından çıxarmağa çalışırdılar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışı zamanı naxçıvanlıların müqavimət göstərərək ermənilərin bu çirkin planlarını həyata keçirmələrinə imkan vermədikləri barədə demişdir: "İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar". Azərbaycandan qoparılmamaq üçün ayağa qalxan xalqa bu torpağın yetişdirdiyi ziyalılar, elm adamları siyasi yolla dəstək vermişlər. İlk növbədə, Azərbaycanın ədliyyə naziri Behbud ağa Şahtaxtinski mərkəzi hakimiyyətin Naxçıvanın Ermənistana verilməsi barədə bəyanatına kəskin etirazını bildirmiş, Naxçıvana gələrək yerli camaatın kütləvi etirazını təşkil etmişdir. 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda əhalinin 90 faizdən çoxu Naxçıvanın muxtariyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdi. Xalqın inadlı mübarizəsi, qardaş Türkiyənin dəstəyi, nəticədə Moskva və Qars müqavilələrinin imzalanması ilə Naxçıvanın Azərbaycanın tərkibindən alınıb Ermənistana verilməsinin qarşısı qətiyyətlə alınmışdı. 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 5-ci maddəsində bu tarixi hadisə əsaslı şəkildə öz əksini tapır: "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır".

1922-ci ilin dekabrında keçirilən I Zaqafqaziya Sovetlər qurultayı Naxçıvanı muxtariyyət statusunda Azərbaycan SSR-in tərkib hissəsi olması barədə xüsusi qərar qəbul etmişdir. Azərbaycan Mərkəzi İnqilab Komitəsi 1923-cü il dekabrın 5-də Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinə Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılması ilə bağlı müraciət etmiş, təxminən bir il sonra Komitə tərəfindən qərar təsdiq edilmişdir. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar vilayəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu almasında xalqın rolunu hər zaman yüksək qiymətləndirmiş və bu tarixi hadisənin önəmini vurğulayaraq demişdir: "Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm".

Zəngəzur mahalından sonra növbəti planında Naxçıvanı ilhaq etmək istəyən, tarixən gözü bu qədim diyarımızda olan Ermənistan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində qalmasını rəsmən qəbul etməyə məcbur olsa da, bu əraziyə iddiasından heç vaxt əl çəkməmiş, müəyyən mənada istəyinə nail ola bilmişdir. Belə ki, Zaqafqaziya Mərkəzi İnqilab Komitəsi 1929-cu ildə Naxçıvanın 657 kvadratkilometr ərazisinin - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan, habelə Kilid kəndlərinin torpaqlarının bir hissəsinin Ermənistana verilməsi barədə qərar qəbul etmişdir. 1930-cu ildə isə Əldərə, Ləhvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.

 Həmin hadisədən yarım əsrdən çox vaxt keçsə də, erməni erməniliyindən əl çəkməmiş, Naxçıvana olan ərazi iddiasını ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi yolla həyata keçirməyə çalışmışdı. Belə ki, qanlı 20 Yanvar faciəsi baş verməzdən bir neçə saat əvvəl sovet ordusunun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmiş, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yollarını kəsərək Naxçıvanı blokadaya salmışdı. Lakin mövcudluğu dövründə saysız-hesabsız münaqişələrə, istilaçıların, işğalçıların zülmünə boyun əyməyən, tarixin bütün sınaqlarından mətanətlə çıxan Naxçıvan bu çətinlikləri də dəf etməyi bacardı. 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev muxtar respublikanı ağır böhranlı vəziyyətdən çıxardı, dahi liderin Naxçıvana gəlişi bu qədim diyarın qurtuluşu oldu, qısa müddət ərzində tarixə yazılacaq əhəmiyyətli işlər görüldü. Mühüm hadisələrdən biri isə parlamentin 1990-cı il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından "sovet sosialist" sözləri çıxarılmaqla "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərarın qəbul edilməsi oldu.

Mehparə ƏLİYEVA,

"Respublika".