Belarus və Azərbaycan səfirlikləri xatirənin əbədiləşdirilməsi tədbirlərində iştirak ediblər
Siyasət

Belarus və Azərbaycan səfirlikləri xatirənin əbədiləşdirilməsi tədbirlərində iştirak ediblər

Qəhrəmanlar xatirələri yaşayana qədər unudulmurlar...

Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında strateji maraqlara əsaslanan diplomatik münasibətlər gündən-günə möhkəmlənir. Bu xüsusda Belarus və Azərbaycanın "Respublika" qəzetləri arasında əlaqələrin möhkəmləndirilməsini də qeyd etməliyik. Yaxın günlərdə Azərbaycanda Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi təntənəli şəkildə qeyd olunub. Bu münasibətlə Belarus Respublikasının "Respublika" qəzetində Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan qəhrəman azərbaycanlı Cəlal Zamanova həsr olunmuş məqalə dərc edilib. Mövzunun oxucularımız üçün böyük maraq kəsb etdiyini nəzərə alaraq, həmin məqaləni təqdim edirik.

Ölkəmizin alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi ərəfəsində Qomel şəhərinin Roqaçev rayonunda, kiçik, lakin çox əhəmiyyətli aksiya baş tutub. Madora kəndində Azərbaycanın ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə mitinq keçirilib. İyulun 2-də Belarusun Azərbaycandakı səfirliyində baş tutan analoji tədbirdə İkinci Dünya müharibəsi illərində sovet xalqının qəhrəmanlığından bəhs olunub.

Belarus Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycanın "Respublika" qəzetində çalışan həmkarlarla birgə təşkil etmək qərarına gəldiyi aksiyanın dəstəklənməsi təklifi ilə qəzetin redaksiyasına müraciət edib. Təklifin mahiyyəti nədən ibarət idi? 1944-cü ildə Belarus torpağının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş 336-cı qvardiya atıcı alayının atıcı tağımının komandiri leytenant Cəlal Zamanov Roqaçev rayonunun Madora kəndində qardaşlıq məzarında dəfn edilib. C.Zamanov "Qırmızı ulduz" ordeni, "Qvardiya" nişanı və "İgidliyə görə" medalı ilə təltif olunub. 2024-cü il mayın sonlarında döyüşçünün bacısı Cahan Quliyeva Belarusun Azərbaycandakı səfirliyinə gələrək ötən əsrin 80-ci illərinin sonlarında qardaşının həlak olduğu kəndə gəldiyini, onun təsviri olan xalçanı məktəbə təqdim etdiyini bildirib.

Səfirliyin əməkdaşları Cahan Quliyevaya qardaşının mükafatları ilə bağlı çatışmayan sənədləri bərpa etməyə köməklik göstərib, həmçinin Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi ərəfəsində diplomatik nümayəndəlikdə onun iştirakı ilə xatirə tədbiri keçiriblər.

Həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin hərbi attaşesi Rəşad Quliyev Belarusun "Respublika" qəzetinin köməyi ilə Madora kəndində təşkil olunmuş xatirə tədbirlərində iştirak edib. Burada fəxri qonaqların, Roqaçev rayon rəhbərliyi, rayon Veteranlar Şurasının nümayəndələri, zabitlər, məktəblilər və yerli əhalinin iştirakı ilə qəhrəman döyüşçülərin xatirəsinə ucaldılmış monumentin qarşısında təntənəli mitinq keçirilib.

Diplomat hər iki ölkədə İkinci Dünya müharibəsi haqqında tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edib və bildirib ki, hərbi əməliyyatlar meydanından uzaq olmasına baxmayaraq, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə verib və müharibənin bütün ağırlığını və acısını yaşayıb. Təxminən 10 min azərbaycanlı döyüşçü Belarusun azadlığı uğrunda mübarizə aparıb, onlardan 1642 nəfəri igidlik nümayiş etdirərək həlak olub, bir neçə yüz nəfəri itkin düşüb. Belarusun azad edilməsi uğrunda döyüşənlər arasında 12 nəfər, o cümlədən Həzi Aslanov və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

O, diplomatik missiya adından Belarusun azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinə görə Belarus hökumətinə təşəkkürünü bildirib, Madorada dəfn olunmuş Cəlal Zamanovun xatirəsini yad edərək monumentin önünə tər çiçəklərdən əklil qoyub. Aksiya iştirakçıları da məzarın önünə çiçəklər düzüblər.