Bəzi seçki dairələri yenidən təşkil edilib
Siyasət

Bəzi seçki dairələri yenidən təşkil edilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib və 27 may 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Daha sonra Azərbaycanda bəzi seçki dairələrinin adlarına və hüdudlarına dəyişiklik edilib. MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə əlaqədar olaraq Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.

Dəyişiklikdən irəli gələrək, 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilərək müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairələri yaradılıb. Bununla da Ağdərə rayonunda dairə və məntəqələrin seçicilər üçün əlçatan olması təmin edilib.

İclasda bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib, cari məsələlər müzakirə olunub.

MSK-nın 27 may 2024-cü il tarixli iclasının qərarlarının tam mətni ilə www.respublika-news.az saytında tanış ola bilərsiniz.

Tacir SADIQOV,

"Respublika".