İkiqat Avropa çempionu: Cəmi üç idmançı ilə qatıldığımız yarışda tarix yazdıq
İdman

İkiqat Avropa çempionu: Cəmi üç idmançı ilə qatıldığımız yarışda tarix yazdıq

“Bu, mənim ardıcıl ikinci Avropa çempionluğum oldu. Özümü çox xoşbəxt hiss edirəm”.

"Respublika"  AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov deyib.

70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Azərbaycan millisinin turnirdə medal əyarına görə komanda hesabında birinci yeri tutmasının qürurverici olduğunu söyləyib: “Cəmi üç idmançı ilə qatıldığımız yarışda qitənin ən güclüsü olmaq və tarix yazmaq olduqca sevindiricidir. Uğurumuzun əsas memarı baş məşqçimiz Fərid Tağızadədir. Ona bizim üzərimizdəki əziyyətinə görə təşəkkür edirəm. Qarşıda isə bizi Vyetnamda təşkil olunacaq Asiya açıq çempionatı gözləyir. Ümid edirəm ki, bu nəticəni orada da təkrarlayacağıq”.

Ötən ay “İdman ustası” dərəcəsinə layiq görülən 26 yaşlı parataekvondoçu bildirib ki, bu, onun üçün əlavə motivasiya olub: “Həmçinin Dünya Taekvondo Federasiyasında bu barədə yazı da dərc olundu. Bunun sayəsində çempionluğa daha çox fokuslandım. Bütün bunlar əziyyətimin qarşılığıdır”.

O, “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıqdan da bəhs edib: “Hazırlıqlarımız davam edir. Həm xarici, həm də daxili təlim-məşq toplanışlarında iştirak edirik. Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir. Paralimpiadada özümdən gözləntilərim çoxdur. Təbii ki, qızıl medal qazanmağı hədəfləyirəm və bunun üçün də əlimdən gələn hər şeyi edəcəyəm”.

Qeyd edək ki, Azərbaycanın digər parataekvondoçusu Əbülfəz Abuzərli (80 kiloqram) qitə birinciliyində gümüş medala yiyələnib. Yığma bu nəticə ilə medal əyarına görə komanda hesabında birinci yeri tutub.