İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Gimnastlarımız turnirdə yeddi medal qazanıblar

Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilmiş "Friendship-2023" beynəlxalq turnirində Azərbaycan gimnastları uğurla çıxış ediblər.

Ənənəvi "Dostluq yarışı"nda ölkəmizi təmsil edən Fərhad Mustafayev və Ömər Qasımlı, eləcə də Əli Niftəliyev və Mehdi Əliyev cütlüyü sinxron proqramda qızıl medala layiq görülüblər. Hüseyn Abbasov və Nicat Mirzəyev isə sinxron proqramda gümüş medal qazanıb. H.Abbasov fərdi proqramda da eyni uğura imza ataraq ikinci olub.

Kapoeyra millimizdən uğurlu çıxış

Kapoeyra üzrə Azərbaycan yığma komandası oktyabrın 13-dən 16-dək Estoniyanın Tallin şəhərində keçirilən "Tallin cup" beynəlxalq turnirində yüksək nəticələr əldə edib.

Yığmamız yarışı 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Fikrət Dadaşov, Mehriban Hacıbabayeva, Əli Tağızadə, Asya Atayeva və Fərid Səlimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Allahverdiyev və Azər Orucov ikinci yeri tutublar. Davud Hüseynli və Dilqəm İsmayılov isə bürünc medal qazanıblar. Fərid Səlimov, eyni zamanda yarışın ən yaxşı idmançısı seçilib.

Azərbaycanın dörd pauerliftinqçisi Avropa çempionu olub

Azərbaycan idmançıları İspaniyanın paytaxtı Madriddə "Arnold Classic Europe" idman festivalı çərçivəsində keçirilən pauerliftinqin WRPF versiyası üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

140 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Namazov master kateqoriyasında "deadlift" hərəkəti üzrə 330 kiloqram çəkidə birinci olub. Yeniyetmələr arasında mübarizə aparan İlkin Namazov (125 kiloqram) "benç press" hərəkətində 152,5, "deadlift"də isə 230 kiloqram nəticə ilə qızıl medal qazanıb. Ramil Əhmədov (100 kiloqram) "Open" kateqoriyasında, ümumilikdə 815 kiloqram göstərici ilə Avropa çempionu olub. O, "squat" hərəkətində 310, "benç press"də 205, "deadlift"də isə 300 kiloqram çəkidə olan rəqiblərini ram edib. Azərbaycanın digər təmsilçisi Vüsal Ağalarov (100 kiloqram) isə klassik pauerliftinq üzrə "Open" kateqoriyasında 850 kiloqram göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qitə birinciliyində ölkəmizi 17 taekvondoçu təmsil edəcək

Oktyabrın 19-da Serbiyanın paytaxtı Belqradda yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək. Üç gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Dayanq üzərinə İlknur Əlimov (148 santimetr), Xəzər Həmidov (156 santimetr), İlyas Hətəmli, Anar Abdullazadə (hər ikisi 160 santimetr), Novruz Əliyev (164 santimetr), Əliheydər Quliyev (168 santimetr), Həsən Əlizadə (172 santimetr), Mətləb Əliyev (176 santimetr), Tamerlan Yaqubov (180 santimetr), Nuray Cəlilova (148 santimetr), Ləman Manafova (152 santimetr), Zəhra İsayeva (156 santimetr), Şəms Əlizadə, Humay Dadaşova (hər ikisi 160 santimetr), Əminə Məmmədova (164 santimetr), Nilufər Borci (168 santimetr) və Fatimə Həsənova (172 santimetr) çıxacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".