QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

(əvvəli 1, 2, 3, 5, 67, 891012,131415,1617, 192021222324 və 26 oktyabr tarixli saylarımızda)

27 oktyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib. Dövlət başçısının müxbirin: "Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır?" - sualına cavab olaraq deyib: "Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur".

***

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev brifinq keçirib. Prezidentin köməkçisi brifinqdə deyib ki, Ermənistan silahlı qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini "Smerç" raketlərindən atəşə tutub. Onların bu terror aktı nəticəsində biri uşaq olmaqla, dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb... Ermənistanın hücumları nəticəsində indiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.

***

Müdafiə Nazirliyi mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirib. Anar Eyvazov bildirib ki, ötən müddət ərzində humanitar atəşkəs rejimini dəfələrlə kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, o cümlədən Zəngilan rayonunun Ağbənd kəndi istiqamətindəki ərazilərimizi müxtəlif silahlardan atəşə tutub.

Mətbuat katibi onu da qeyd edib ki, Ermənistan rəhbərliyi dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri artıq münaqişə bölgəsi deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən, beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir.

***

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahram Asrafxanovla görüşüb. Baş prokuror Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Səfir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən pislənildiyini deyib.

***

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyada nəşr olunan "Nasionalnaya oborona" jurnalına müsahibə verib. Müxbirin: "Siz Dağlıq Qarabağın və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini necə təsəvvür edirsiniz?" - sualına cavab olaraq deyib: "Əgər dövlətdən biri digərinə ərazi iddiaları irəli sürürsə, onun ərazilərinə soxulursa və onun torpaqlarını işğal edirsə, bu iki dövlət arasında normal münasibətlər yaradılması barədə danışmaq qeyri-mümkündür".

***

Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: "Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə endirdiyi raket zərbələri ilə biri iki yaşında uşaq olmaqla, dörd mülki şəxs həlak olub, 13 nəfər yaralanıb. Həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Ermənistanın insanlıq əleyhinə hücumlarını ən kəskin şəkildə qınayır, vicdanlı və məsuliyyətli olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərinə "dayan" deməyə çağırırıq".

(davamı növbəti saylarımızda)