Dədəm mənə kor deyib...
Siyasət

Dədəm mənə kor deyib...

Ermənistanın diletant siyasəti onu uçuruma yuvarlayacaq

"Dədəm mənə kor deyib, gəlib-gedəni vur, deyib". Belə bir el məsəli var. Yəqin ki, çoxlarınız eşitmisiniz. Bəlkə məqamı gələndə o məsəli işlətmisiniz də. Düşünürəm ki, bu məsəlin geniş şərhə ehtiyac yoxdur. Yəni hər kəsin təhlükə anında müdafiə olunmaq haqqı var və onun haradan gəldiyini müəyyənləşdirə bilməyəndə gəlib-gedəni vurmaqdan başqa çarəsi qalmır. Bəs, müharibədə necə? Haranı gəldi bombalamaq, gəlib-gedəni vurmaq müharibə qanunlarında yazılıbmı? Ümumiyyətlə, bu cür döyüş metodu tarix boyu hansı tərəfəsə qələbə qazandırıbmı? Bilmirəm. Amma bu günün müharibəsi o qədər ölçülü-biçili olur ki, hətta "korun özü belə" hara gəldi, necə gəldi silah işlətmir. Hə, görərkən özünü korluğa vurmaq isə başqa məsələdir. 44 günlük Vətən müharibəsində də ermənilər özlərini korluğa vurdular...

Müharibənin ilk saatlarından döyüş üstünlüyünü ələ alan Azərbaycan Ordusu qarşı tərəfi addım-addım geri çəkilməyə məcbur edirdi. Sentyabrın 27-də Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndinin, strateji yüksəkliklərin azad edilməsi erməni silahlı qüvvələrini təşvişə saldı. Onlar döyüş qaydalarını elə ilk gündən pozmağa başladılar. Həmin gün Naftalan rayonunu top atəşinə tutdular. Nəticədə rayonun Qaşaltı kənd sakini Elbrus Qurbanov və onun 4 ailə üzvü həlak oldu. Sentyabrın 28-də Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya atəşinə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Coşqun Paşayev, Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərminin qəlpələrindən şəhər sakini 1975-ci il təvəllüdlü Mehman Əliyev həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşınının sürücüsü 1968-ci il təvəllüdlü Qənbər Əsədov və maşında olan hərbi polis əməkdaşı 1994-cü il təvəllüdlü Fəxrəddin Hüseynov, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü Tural İbrahimov yaralanmışdır. Müharibənin davam etdiyi digər günlərdə də ermənilər ətraf rayonları atəş altında saxlamış, çoxsaylı insanların həyatına son qoymuşdular.

Maraqlı burasıdır ki, sentyabrın 27-də İran rəsmiləri qarşıdurmalar nəticəsində top mərmisinin Xudafərin yaşayış məntəqəsinin Aşağı Xələfbəyli kəndinə düşdüyü, lakin maddi ziyanın dəymədiyi, heç kimsənin xəsarət almadığı barədə xəbərdarlıq etmişdir. Doğrudur, onun da Azərbaycan Ordusu tərəfindən atıldığı iddia edilsə də, sonda mərmini ermənilərin atdığı bəlli olmuşdu. Oktyabrın 4-də saat 09:00-da Ermənistan ordusu Tərtər şəhərinə və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirmiş, Xankəndi şəhərindən şimalda, Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmuşdu. Həmin gün saat 10:50 radələrində Gəncə şəhərini atəşə tutan ermənilər bir neçə dəqiqədən sonra Azərbaycan Ordusunun Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdı. Bu açıqlamadan sonra müdafiə naziri Zakir Həsənov düşmənin Gəncə şəhərini atəşə tutmasına reaksiya bildirərək demişdir: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".

Ermənistan ərazisindən Gəncənin atəşə tutulması nəticəsində 1 mülki şəxs həlak olmuş, 32 nəfər yaralanmışdı. Verilən məlumata görə, yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryan olub. Oktyabrın 4-də gedən döyüşlərdə daha bir maraqlı məqamı da qeyd etmək yerinə düşər. Belə ki, cəbhəyə baş çəkən "qondarma Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" Arayik Harutyunyanın yeri Azərbaycan Ordusu tərəfindən aşkar edilmiş və hədəf götürülmüşdü. Dəqiq, sərrast həmlə nəticəsində o, ağır yaralanmışdı.

Bax, dəqiq həmlə belə olur, ermənilər isə haranı gəldi atəşə tutur, bəzən məqsədli şəkildə bombaladıqları yerlərin də təsadüfən "hədəfə gəldiyini" bildirirdilər. Məsələn, oktyabrın 4-də saat 22:00 radələrində Mingəçevir şəhərinə dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxılmışdı. Bir neçə dəqiqə sonra müdafiə nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralıların olduğu barədə məlumat yaymışdı. Mingəçevir şəhərinə atılmış 3 raketdən 2-si partlamamış, 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, evə külli miqdarda ziyan dəymişdi. Azərbaycan tərəfi Ermənistanın əsas məqsədinin Mingəçevir Su Anbarının vurulması olduğunu bildirsə də, qarşı tərəf bu fikirləri rədd etmişdi. Halbuki, hələ İkinci Qarabağ müharibəsi başlamazdan əvvəllər də erməni tərəfi Azərbaycanı Mingəçevir Su Anbarını, enerji bloklarını partladacağı ilə "hədələmişdi".

Bir sözlə, Ermənistan cığal oyunçudur, istədiyi anda oyunun qaydalarını pozur. Bəlkə də bu, ilk baxışda belə görünür, ancaq məsələnin əsl mahiyyətində işğalçı ölkənin rəhbərlərinin siyasi naşılığı durur. Özünün ən böyük havadarı Rusiyanın üzünə ağ olması, ona az qala meydan oxuması da elə bu naşılıqdan doğur. Doğrudur, yeni havadarları ona: "qorxma, gəlib-gedəni vur", - deyir, amma Ermənistan "bağda ərik var idi, ..." məsəlini də yaddan çıxarmamalı, onu şirnikləndirən qüvvələrə bel bağlamamalıdır, çünki kor tutduğunu buraxmadığı kimi, Qərb də Cənubi Qafqazdan bərk yapışıb, işdir-şayət istəklərinə çatsalar nə ABŞ, nə də Fransa kimi havadarları ona istədiyini verməyəcək. Hələlik isə İkinci Qarabağ müharibəsində gözlərini yumub haranı gəldi bombalayan Ermənistan siyasətdə də kor-koranə hərəkətini davam etdirir. Bu isə onu uçuruma sürükləyə bilər. Bir gün əli hər yerdən üzülən Ermənistana sonrakı peşmançılıq fayda verməyəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".