Paşinyan çıxışları ilə lətifə personajına çevrilir
Siyasət

Paşinyan çıxışları ilə lətifə personajına çevrilir

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Azərbaycanın Ermənistana qarşı inamsızlığından danışıb və qeyd edib: "Ermənistan üçün pis xəbər odur ki, biz hələ də Azərbaycanla müxalif diplomatik dillərdə danışırıq və çox vaxt bir-birimizi başa düşmürük". Paşinyanın dedikləri həqiqəti əks etdirsə də, bu fikir tamamlanmayıb.

Azərbaycanın Ermənistana güvənsizliyinin obyektiv səbəbləri var. Uzunmüddətli münaqişə, minlərlə qurban, onilliklər boyu hökm sürən nifrət mühiti və ermənilərin konstruktiv bəyanatlarının arxasında gizlənən pis niyyətlər...

Bir tərəfdə təcavüzkar və işğalçı Ermənistan, digər tərəfdə bu işğalın qurbanı olmuş Azərbaycan. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, şəhərlərimizi xarabalığa çevirməsi, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmasını unutmaq asan deyil. Bunlarla yanaşı, Ermənistan heç vaxt zəbt etdiyi torpaqlarımızı könüllü geri qaytarmaq niyyətində olmayıb. Düşmən Azərbaycanın ərazi bütövlüyünü məğlubiyyətindən sonra tanımağa məcbur qaldı. Azərbaycan işğal altında olan əraziləri sülh yolu ilə deyil, şəhidlər verərək azad etdi, minlərlə Azərbaycan hərbçisi, qəhrəmanı vətən üçün can verdi. Üstəlik, 44 günlük müharibədən, 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra da Ermənistan Qarabağ ərazisində yerləşən qeyri-qanuni hərbi birləşmələri maliyyələşdirməkdə davam edirdi. Bunları nəzərə aldıqda hansı etimaddan danışmaq olar?!  

Bu günə kimi İrəvanın rəsmi üzrxahlığı olmayıb, əksinə Ermənistan baş nazirinin açıqlamalarından cəfəngiyyat püskürür. O, Ermənistan Respublikasının "Qərbi Azərbaycan" adlandırılmasını Ermənistana qarşı təcavüzün təşkilinə hazırlıq kimi dəyərləndirir. Nikol Paşinyanın "məntiqinə" əsaslansaq, Ermənistan gerbində Ağrıdağın təsvir olunması da böyük məna daşıyır. Dünya erməniləri və onların Qərbdəki havadarları saxta tezislərdən Azərbaycana qarşı etdikləri təzyiqləri "əsaslandırmaq" üçün istifadə edir, yalanları əsas götürüb, doğruları nəzərə almırlar. Ermənistan ərazisində heç vaxt müharibə olmayıb, onun şəhərləri bombalanmayıb, ermənilər torpaqlarından zorla çıxarılmayıb, əksinə torpaqlarında müharibə aparılan, şəhərləri bombalanan, vətəndaşları didərgin salınan Azərbaycandır. Bu gerçəklər, sadəcə sözdə qalmayıb, BMT qətnamələri ilə də təsdiqini tapıb.

Bunlarla yanaşı, Ermənistanın müstəqillik bəyannaməsi və milli təhlükəsizlik doktrinasına əsaslanan "qondarma Dağlıq Qarabağ Respublikasının" buraxılmasından sonra Paşinyan Azərbaycana qarşı ərazi iddialarını əks etdirən sənədləri hələ də qüvvədə saxlayıb. Bu faktların fonunda Paşinyanın Bakının İrəvana etimadının olmaması ilə bağlı bütün çıxışları yersiz və gülməli olmayan lətifə kimi səslənir.

Noyabrın 23-ü İrəvanda baş tutan hökumət iclasında Paşinyan iqtidarı yenə qaranlığa düçar oldu, bu dəfə elə həqiqi mənada. Belə ki, toplantıda Paşinyan Ermənistandakı iqtisadi vəziyyətlə bağlı çıxış edərkən qəfildən işıqlar söndü. Baş verənlər Paşinyanı lətifələrinin ironik qəhrəmanına çevirir.

Aiza ŞABANOVA.