COP29-a qədər sülh müqaviləsinin imzalanması ən ideal variantdır
Gündəm

COP29-a qədər sülh müqaviləsinin imzalanması ən ideal variantdır

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün, ilk növbədə, ölkələr və xalqlar arasında etimad yaradılmalıdır. Bu, ən vacib şərtdir. Hesab edirəm ki, ikitərəfli danışıqların məntiqi nəticəsi olaraq Qazaxın 4 anklav olmayan kəndinin Azərbaycana qaytarılması həmin etimad mühitinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, vasitəçilərin, üçüncü tərəfin iştirakı olmadan rəsmi Bakı və İrəvanın apardığı birbaşa danışıqlar müsbət nəticə verə bilir. Bu format özünü doğruldur.

Münxendə və Berlində aparılan danışıqlar bu prosesdə müsbət rol oynayır. Eyni zamanda Qazaxıstan da ikitərəfli formatda danışıqların keçirilməsi üçün ev sahibliyi edə biləcəyini açıqlayıb. Yaxın zamanda xarici işlər nazirliyi səviyyəsində baş tutması gözlənilən görüşə Qazaxıstan vasitəçi deyil, yalnız ev sahibliyi edəcək. Beynəlxalq ictimaiyyət də bu faktı təsdiqləyir ki, sülh prosesinə töhfə vermək istəyənlər təkcə ev sahibliyi edə bilərlər, vasitəçi olmağa ehtiyac yoxdur. Düşünürəm ki, bu, ən böyük amildir və biz bunun müsbət dividendlər gətirdiyini görürük.

Qarşıda iki mühüm məsələ dayanıb. Bunlardan biri iki ölkə arasındakı delimitasiya və demarkasiya məsələləridir. Bu prosesdə də artıq ilkin müsbət addımlar atılır, əməli işlər görülür. İkinci mühüm məsələ isə Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır. Dəhlizlə bağlı məsələdə Ermənistan daha çox Rusiya ilə fikir ayrılığına malikdir. Çünki rəsmi İrəvan çalışır ki, Zəngəzur dəhlizinin təhlükəsizlik məsələsini öz üzərinə götürsün. Ancaq Rusiya 10 noyabr Bəyanatının mahiyyətindən çıxış edərək öz sərhədçilərinin rolunu qabardır və onları ön plana çəkir. Bu baxımdan, hazırda fikir ayrılığı var. Amma əsas odur ki, proses başlayıb və artıq dinamika var. Biz inanırıq ki, yaxın perspektivdə bu istiqamətdə ciddi addımlar atılacaq.

Azərbaycan bu il dünyanın ən böyük tədbirlərindən birinə - COP29-a ev sahibliyi edəcək. Dünyanın nəbzi Bakıda döyünəcək. Dövlət liderləri Odlar yurduna səfər edəcəklər. Düşünürəm ki, Paşinyanın da buraya qatılmasının ehtimalı kifayət qədər böyükdür. Bu tədbirə qədər sülh müqaviləsinin imzalanması ən ideal variantdır. Hadisələrin gedişatı bu reallığı labüd edə bilər.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.