Heydər Əliyev adına İdman Konsert Kompleksi
Digər xəbərlər

Heydər Əliyev adına İdman Konsert Kompleksi

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olan “Heydər Əliyev adına İdman Konsert Kompleksi” haqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Heydər Əliyev adına İdman Konsert Kompleksi Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Bu idman qurğusu həm də paytaxt Bakının ən gözəl memarlıq incilərindən hesab olunur. Tikintisinə 1976-cı ildə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. İstifadəyə isə 1990-cı ilin noyabrında verilib.

Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir.

Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol zalı var. Kompleksdə buz üzərində hokkey və fiqurlu konkisürmə, basketbol zalları, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusu da mövcuddur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman Konsert Kompleksinə ümummilli lider Heydər Əliyevin adı verilib.

2015-ci ildə yenidən qurulan kompleksin baş meydanında 16 idman növü üzrə yarışlar, eləcə də müxtəlif sərgilər, konsert, sirk tamaşaları, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər keçirilir. Kompleksdə əsaslı təmir işləri aparılaraq ən müasir səviyyədə məşq zalı, saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar qurulmuşdur.

Ümumi sahəsi 55 min kvadratmetrə yaxın olan binada tamaşaçı yeri təmirdən sonra 7682 olub. Burada, eyni zamanda, 142 VİP oturacaq quraşdırılmışdır.

Heydər Əliyev adına İdman Konsert Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və müvafiq beynəlxalq federasiyanın tələbləri nəzərə alınmaqla yüksək keyfiyyətlə aparılıb. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, 350 könüllü üçün zal və kafe də fəaliyyət göstərir.

Bunlarla yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən müasir projektor, genişzolaqlı internet, müasir akustika və səsgücləndirici sistemlər, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator ilə təchiz edilib. Əsaslı təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Fasad tac şəklində olmaqla xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılmışdır. Kompleks neçə-neçə rəsmi yarışda - qadın voleybol komandalarının, güləşçilərin, cüdoçuların, bədii gimnastların olimpiya təsnifat turnirlərində, birinci Avropa Oyunlarında və lV İslam Həmrəyliyi Oyunlarında idmanın bir sıra növlərində həmvətənlərimizin və onların rəqiblərinin ustalığını qiymətləndirmək və alqışlamaq imkanı qazanmışlar. Beləliklə, burada yaradılan şərait bir daha təsdiqləyir ki, beynəlxalq idman tədbirlərinin ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hərtərəfli imkanlar var.

Kompleks 2009-cu ilin yekunlarına görə ilin ən yaxşı idman qurğusu elan edilib.

“Respublika”.