İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

15 iyun, 1993 VI məktub

2. Qaçqınların və məcburi köçkünlərin sayının bir milyondan artıq, ölkə əhalisinin hər yeddi nəfərdən birinin qaçqın və ya köçkün olması analoqu olmayan göstərici kimi dünya birliyini ciddi narahat edib düşündürdükcə İrəvanı əsəbiləşdirir. Nə üçün? Heydər Əliyev diplomatiyası Ermənistandan iki yüz otuz min azərbaycanlının, on səkkiz min kürdün, bir neçə min rus və başqa xalqların nümayəndələrinin, 1988-ci ilin qarlı dekabrında, üçcə gündə ölümlə, silahla öz ocaqlarından Azərbaycana qovulduqlarını, eyni zamanda Mərkəzi Asiyadan 58 min Ahıska türkünün Azərbaycana pənah gətirməsini dünyaya təqdim edə bildi.

3. Heydər Əliyev 1988-ci ildən başlayaraq Ermənistanda soydaşlarımıza qarşı törədilən cinayətləri və təcavüzkar müharibəni müəyyən zaman kəsiyinin hadisəsi kimi deyil, iki yüz ilə yaxın dövrdə Qafqazda türklərə qarşı məqsədyönlü şəkildə aparılan deportasiya və soyqırımı siyasətinin tərkib hissəsi sayır və cinayətlərin siyasi-hüquqi qiymətini bu kontekstdə verir. Ölkə rəhbərinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il və "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanlarının preambulasındakı əsaslı faktlar, arqumentlər və bunlardan doğan məntiqi qərarlar erməni siyasətçilərini və diplomatlarını neçə illərdir çaşbaş salıb. Xocalı qətliamının soyqırımı sayılmasını, ölkə Prezidentinin fərmanı ilə hər il 26 fevralda saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini İrəvan siyasətçiləri, diplomatları, jurnalistləri "əsassızlaşdırmaq" məqsədilə yüz yerə əl atsalar da bir şey çıxmır.

4. Heydər Əliyev Qərbi Azərbaycandakı soydaşlarımızın öz tarixi etnik torpaqlarında yaşadıqlarını həmişə vurğulayır və bu, şübhəsiz, İrəvan tərəfindən təbəssümlə qarşılanmır. Erməni mətbuatı Azərbaycan Prezidentinin görkəmli alim, akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli toplantıda açıqladığı dürüst tarixi faktı uzun müddətdir unutmur. Prezident 14 oktyabr 1995-ci ildə həmin toplantıdakı dərin məzmunlu çıxışında demişdir: "Mustafa bəy Topçubaşov... İrəvan şəhərində, qədim Azərbaycan torpağında dünyaya göz açıb...".

Bu, həqiqətdir cənablar, Heydər Əliyev Azərbaycanın əvəzsiz səhiyyə qurucusu, görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyi yubileyində, XX əsr Azərbaycan fəlsəfəsinin nəhəng siması Heydər Hüseynovdan söz açanda və Qərbi Azərbaycandan çıxmış bir çox başqa məşhur soydaşlarımızı xatırlayanda da həmin həqiqəti dönə-dönə vurğulayırdı!

5. Heydər Əliyevin ümumtürk milli-mənəvi birliyi, 71 illik sovet rejimi dönəmində, ümumiyyətlə iki yüz ilə yaxın rus imperiyası vaxtlarında unutdurulmuş adət-ənənələrin, mənəvi-dini dəyərlərin, özgürlüyün, lap başlıcası itirilmiş əlaqələrin bərpası istiqamətində deyimləri, fikirləri, bu sahədə əvəzsiz fəaliyyəti İrəvanı qorxudur və sarsıdır. Çünki eyni soydan olan xalqların milli-mənəvi dəyərləri, itirilmiş əlaqələri bərpa olunduqca humanizm və tolerantlığı ulu tarixdə silinməz izlər qoyan bu xalqların gücü qarşısında erməni təcavüzkarlığının, yeni erməni fitnələrinin qarşısı alınar. İrəvan mətbuatında çox hallanan "bir millət - iki dövlət!" deyimi bütün türk xalqlarının və dövlətlərinin fəaliyyətində birləşdirici enerjiyə, mənəvi amilə çevrilə bilsə, bu xalqlara qarşı törədilmiş haqsızlıqlar da aradan qaldırıla bilər, işğal olunmuş ərazilər də azad olunar!

İrəvanı qorxudan da budur!

6. Erməni mətbuatında narahatlıqla yazılır ki, ölkə Prezidenti səviyyəsində aparılan Azərbaycan təbliğatı Ermənistanı Qarabağ məsələsində tez-tez siyasi, diplomatik səhvlər etməyə məcbur edir. Dünya Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün məntiqi yolla irəliləyən, yalnız həqiqətə, gerçəkliyə söykənən Azərbaycan diplomatiyası və siyasətini, İrəvanın isə bu sahədə çoxsaylı səhvlərini hələ ki, sadəcə müşahidə edir.

7. Azərbaycanda Heydər Əliyevin sivil bəşəri dəyərlərə, Azərbaycan xalqının zəngin insani, etik-mənəvi dəyərlərinə, tolerantlığına söykənən milli siyasəti İrəvana əl yeri qoymur. Dünya birliyi də, nüfuzlu beynəlxalq təşkilatlar da, demokratik dövlətlər də birmənalı şəkildə etiraf edirlər ki, milli siyasət sahəsində postsovet məkanında yalnız Azərbaycanda klassik nümunə mövcuddur və bu klassik nümunədən yeni müstəqillik qazanmış və ya son illərdə demokratik dövlət quruculuğuna başlamış ölkələrin də yararlanması məsləhət görülür. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindən kənarda şad-xürrəm yaşamaları və bu millətdən olan Azərbaycan vətəndaşlarının müharibəyə, erməni təcavüzkarlarına kəskin etirazla dolu bəyanatları və BMT-yə, Avropa Şurasına, ATƏT-ə ünvanlanmış müraciətləri İrəvanı lap təbdən çıxarır.

İrəvan bu məsələdə məni də unutmur. Arkadi Harutyunyants adlı jurnalist "Respublika Armeniya" qəzetinin 11 iyul 1997-ci il nömrəsində yazır: "...Yeri gəlmişkən, Bi-Bi-Si-nin müxbiri A.Manvelyan ötən il Bakıda olanda milli siyasət məsələləri üzrə Dövlət müşaviri Hidayət Orucovdan belə müraciətlər barədə soruşanda, o, gözlərini qırpmadan cavab verib: "Görürsən, bizdə ermənilər müharibə əleyhinə çıxmaqdan qorxmurlar, sizdə isə qorxurlar".

Bu, həqiqətdir, Arkadi. Sənin tək-tük sözün həqiqətdir, lakin yozumun - yox:

"...Əlbəttə, respublikanın baş təbliğatçısı Heydər Əliyevi qeyd etməmək səhv olardı, o, şəxsən özü bütün görüş və çıxışları zamanı təbliğat fəaliyyəti ilə məşğul olur, yuxarıda deyilən bütün mülahizələri təsdiq edir, təbliğat kampaniyalarını və şouları şəxsən təşkil edərək erməni xalqını nüfuzdan salmaq üçün hər bir vasitədən yararlanır... İşğal edilmiş ərazilərin tarixində və azərbaycanlı qaçqınlarının sayında da təbliğati pripiskaları təşkil edir. (?)

Hansısa hazır reseptlər vermək məqsədi güdmədən qeyd etmək istərdim ki, zənnimcə, bizə əks-təbliğat işinin mükəmməl, işlək və dinamik sistemini yaratmaq son dərəcədə zəruridir. Bu, zamanın tələbi və zorla boynumuza qoyulmuş ideoloji qarşıdurmanın nəticəsidir". Bu sətirlər də göstərir ki, Heydər Əliyevin hərtərəfli, nəhəng fəaliyyətinə qarşı əks-təbliğat qurmaqda İrəvan çox aciz idi və bu acizlik indinin özündə də davam edir.

Bu gün Ermənistan iqtidarının yeritdiyi "Dağlıq Qarabağ siyasəti"nin uğur qazana bilməməsini, hətta iflasa uğramaq təhlükəsi qarşısında qalmasını erməni mətbuatı, məlumat agentlikləri, İrəvanın siyasət adamları yenə də Heydər Əliyev diplomatiyası ilə bağlayırlar. Belə açıq-aşkar etirafa, gerçəkliyin bu ölçüdə dərkinə sözüm yoxdur. Mən ancaq və ancaq inkarolunmaz bu faktları qırmızı xətlə altını cıza-cıza qeyd etmək və qiymətləndirmək istərdim:

Ermənistan Milli Demokrat İttifaqının lideri, respublika parlamentinin deputatı Vazgen Manukyanın Ermənistan Məlumat Agentliyi müxbirinə verdiyi müsahibə (13 dekabr 2003-cü il) həqiqətən də Heydər Əliyev dühasının, onun parlaq zəka sahibi olmasının, hadisələrin inkişaf meylini düzgün dərk etməsinin sözsüz etirafıdır. Müsahibədə deyilir: "Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə tənzimlənməsi imkanlarını çox düzgün qiymətləndirirdi... Heydər Əliyevin uzun illər boyu Ermənistana düşmən kəsilməsinə baxmayaraq, mən Onun ölümündən kədərləndiyimi bildirir, ailəsi və qohumlarına başsağlığı verirəm. Heydər Əliyev layiqli düşmən idi, şəraiti düzgün qiymətləndirməyi bacaran parlaq zəka sahibi...".

Ermənistan Məlumat Agentliyi bu il yanvar ayının 17-də həmin mövzuya yenidən qayıtmalı olub. Bu dəfə Ermənistanın sabiq aparıcı Ümummilli Hərəkat Partiyası liderlərindən biri David Şahnəzəryanın müsahibəsi haqqında geniş məlumat verilib. Vaxtilə "Qarabağ Komitəsi"nin yaradıcılarından biri olmuş Şahnəzəryan bu qənaətdədir: "1998-ci ildə Koçaryanı dəstəkləyən qüvvələrin çoxu indi dərk etməkdədir ki, Dağlıq Qarabağı danışıqlar prosesindən kənarlaşdırmaq lazım deyildi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin danışıqlara sıfırdan başlamaq haqqında bəyanatı Ermənistanın indiki iqtidarının yeritdiyi yanlış siyasətin nəticəsidir və hazırkı mərhələdə Dağlıq Qarabağ problemi artıq işğal olunmuş ərazilər probleminə transformasiya edilir. Ermənistan iqtidarının yeritdiyi xarici siyasət kursu iflasa məruz qalıb. Ermənistan bölgə və dünya proseslərindən təcrid olunacaq". David Şahnəzəryanın dediyinə görə, artıq dünya ictimaiyyəti Ermənistana "yarlıklar yapışdırmağa" başlayıb. Dağlıq Qarabağ münaqişəsini dinc danışıqlar yolu ilə tənzimləmək formatı düzgün seçilməyib. Həm də Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev danışıqlarda da siyasi çeviklik göstərərək Robert Koçaryanı çıxılmaz vəziyyətə sala bilmişdir...".

Zənnimcə, şərhə və əlavəyə ehtiyac yoxdur.