Azərbaycan Türk dünyasına xüsusi önəm verir
Siyasət

Azərbaycan Türk dünyasına xüsusi önəm verir

Azərbaycanın və İslam dünyasının mədəniyyət paytaxtı, Qarabağın döyünən ürəyi Şuşa şəhəri iyunun 15-də "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib.

Konfrans Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunub. Tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək nümayəndə iştirak edib. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına məktub göndərməsi Şuşada keçirilən tədbirə ən ali səviyyədə diqqətin təsdiqidir.

Prezident İlham Əliyev müraciətində bildirib: "Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların - etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır... Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər". Dövlət başçısı, həmçinin qeyd edib ki, yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edir.

Belə bir mötəbər tədbirin Şuşada keçirilməsi rəmzi məna daşıyır. Şuşa təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün önəmli məkandır. Bu səbəbdən də ötən il Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" statusu almışdır. Həmçinin bu şəhərdə 2021-ci il iyunun 15-də iki qardaş dövlət - Azərbaycan və Türkiyə respublikaları münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəldiblər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imza atdığı Şuşa Bəyannaməsi türk dünyası və bütün türk dövlətləri üçün tarixi dönüş nöqtəsidir. Sözügedən sənədin imzalanması təkcə Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə deyil, eyni zamanda Türk dünyasının güclənməsinə xidmət edir. Hər iki ölkənin qarşılıqlı olaraq öz üzərinə götürdüyü öhdəliklər ümumilikdə Türk dünyasına sabitlik və rifah gətirib.

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi bu fikirlər onu deməyə əsas verir ki, dövlət başçısının çoxşaxəli və düşünülmüş siyasətində türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı saziş də imzaladılar. Beləliklə, bu müqavilə ilə türkdilli dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq daha da inkişaf etdi və tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi qarşıya əsas vəzifə olaraq qoyuldu. Daha sonra bu təsisat uğurlu inkişaf yolu keçərək eyni prinsiplər əsasında öz yerini Türk Dövlətləri Təşkilatına vermişdir.

Ümummilli lider, müdrik siyasi xadim Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, həm də respublikanın daxili və xarici siyasətinin formalaşmasında da böyük rol oynayıb. Ulu öndərin xalqın təkidi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycan türk dövlətləri münasibətlərini yeni mərhələyə qaldırıb. Heydər Əliyev SSRİ dövründə olduğu kimi, müstəqillikdən sonra da Türk dünyasında birlik və həmrəyliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verib. 32 il əvvəl, 1992-ci il mayın 28-də Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində "Ümid" körpüsü açılıb. "Ümid" körpüsünü istifadəyə verilməsinin dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələrin qurulmasında müstəsna əhəmiyyəti var. Həmin tarix "Bir millət, iki dövlət" reallığının Naxçıvan mərhələsi hesab olunur. Bu körpünün açılması həm də Türk dünyasının birləşməsi istiqamətində görülən işlər arasında xüsusi vurğulanır. Heydər Əliyev hələ sovet dönəmində ittifaqa daxil olan türk dövlətlərinin dövlət xadimləri ilə səmimi, mehriban əlaqələr qurmuş, müstəqillikdən sonra isə münasibətlərin daha da inkişaf etdirilməsinə çalışmışdır. Ulu öndər bu barədə deyib: "Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik".

Musa BAĞIRLI,

"Respublika".