Yeni
Siyasət

Yeni "Qafqaz planı"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Vaşinqton rəsmisi ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyəti diqqətə çatdırıb.

Eyni zamanda onu da əlavə edib ki, Ağ Ev Azərbaycanda keçiriləcək COP29-un uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək. Dövlət katibi, həmçinin Ermənistan və Azərbaycan arasında sülh gündəliyi üzrə əldə olunmuş nəticələri təqdir edərək Birləşmiş Ştatların iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib.

Prezident İlham Əliyev də yekun müqavilənin əsasını təşkil edən prinsiplərin və onun mətninin təşəbbüskarının Azərbaycan tərəfi olduğunu qeyd edərək ikitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması səylərinin davam etdirildiyini bildirib. Ölkə başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımdan vacibliyini qeyd edib.

İndiki məqamda dövlət katibi Blinkenin Prezident İlham Əliyevə bu zəngi xüsusi əhəmiyyət kəsb edir. Çünki hadisələrin gedişatına baxsaq, görərik ki, son dövrlərdə Vaşinqton Cənubi Qafqazda sülhün əldə olunması üçün səylərini artırıb. Belə ki, ötən həftə ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn Ermənistana səfər edib. ABŞ siyasi elitasının yüksək vəzifəli məmurunun İrəvanda 3 gün görüş keçirməsi, Strateji Dialoqda iştirakı, üstəlik, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla birgə bəyanatı Amerikanın Cənubi Qafqazda ciddi nəticə əldə etmək üçün çalışdığına işarə edir. Ən çox diqqətçəkən məqam isə Obraynın açıq bəyanatları oldu. O, ölkəsinin Ermənistanla strateji müttəfiqlikdə maraqlı olduğunu elan etdi, rəsmi İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlıq komissiyasının yaradılacağını bildirdi. Amma aparılan danışıqların mahiyyətini daha dərindən anlamaq üçün Ağ Ev rəsmisinin İrəvanda olduğu vaxt Ermənistan hökumətinin üzvlərinin açıqlamalarına diqqət yetirmək lazım gəlir. Paşinyanın özü və komandası ABŞ nümayəndəsinin gedişini gözləmədən öz siyasətlərində ciddi korrektələrə hazır olduqlarını ictimailəşdirdilər. Ən həssas məsələ Zəngəzur dəhlizi ilə bağlı idi. Doğrudur, bu coğrafi məfhumun adı çəkilmədi, Orta Dəhliz və Ermənistandan keçən kommunikasiyalardan bəhs edildi, ancaq erməni mediasının da qeyd etdiyi kimi, Zəngəzur dəhlizindən bəhs edildiyi gün kimi aydın idi. Baş nazir Nikol Paşinyan bildirdi ki, kommunikasiyalar sülh sazişindən əvvəl də açıla bilər. Parlament spikeri Alen Simonyan isə ilk dəfə olaraq Ermənistandan keçən dəhlizə 3-cü qüvvələrin nəzarəti məsələsi ilə bağlı fərqli mövqe ortaya qoydu. Məlum məsələdir ki, Ermənistan Zəngəzur dəhlizinin öz nəzarətində açılmasını istəyir və Azərbaycan üçün "maneəsiz" olmasına da razı deyil. Bu dəfə isə Simonyan bildirib ki, Zəngəzur dəhlizi neytral qurumun nəzarətinə verilə bilər və "üçüncü ölkənin nəzarəti" dedikdə qəti şəkildə region dövləti nəzərdə tutulmur. İrəvanın bu istiqamətdə pozitiv mesajlar verməsinin arxasında Obraynın təlimatlarının olması isə istisna deyil.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib. Sallivan Qriqoryana Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyə edib. Bunun ardınca reallaşan ABŞ dövlət katibinin müavini Riçard Verma ilə Ermənistanın baş naziri Nikol Paşinyan görüşündə də əsas müzakirə mövzusu rəsmi Bakı ilə sülh danışıqları olub. Ardıcıl şəkildə həyata keçirilən təmasları ümumiləşdirəndə isə deyə bilərik ki, Vaşinqton Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı dövrdə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq istəyir. Ağ Ev xüsusilə İrəvanın Kremldən tamamilə uzaqlaşması üçün regional layihələrdə iştirakını, Orta Dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, İrəvanın konstitusiyasından qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır. Bu səbəbdən də Vaşinqton rəsmiləri Ermənistana səfərlər edərək erməni siyasətçilərə yeni yol xəritələri təqdim edirlər.

İrəvan rəsmiləri də bu fürsətlərdən istifadə etməlidirlər. Çünki ötən illərin təcrübəsi göstərir ki, vəziyyətin mürəkkəb xarakter almasından və qeyri-müəyyənlik mühitindən yalnız gərginlik yaranır. Gərginliyin isə Ermənistana ancaq zərəri var.

Jalə QASIMZADƏ,

"Respublika".