Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İqtisadiyyat

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Respublika"-ya bildirilib ki, görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Özbəkistanın kənd təsərrüfatı nazirinin müavini Akmaljon Kasimov, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.

Nazir müavini Elçin Zeynalov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Aqrar sahəni iki ölkə arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri adlandıran nazir müavini qeyd edib ki, Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar sığorta mexanizminin tətbiqinə dair təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Özbəkistan ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir müavini Elçin Zeynalov özbəkistanlı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.

Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.