Milli hədəfimiz:
Ekologiya

Milli hədəfimiz: "yaşıl enerji"yə keçid

Ölkə başçımız İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı "yaşıl enerji zonası" adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. Ölkəmizin bütün guşələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə "yaşıl enerji" istehsalçısına və istehlakçısına çevriləcək.

Ötən il Qarabağın 12 bölgəsində tikilən kiçik su elektrik stansiyalarının açılışı "yaşıl enerji" strategiyasına uyğun olaraq həyata keçirilib. 2023-cü ildə Kəlbəcər rayonunda "Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Soyuqbulaq" və "Meydan" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Bununla yanaşı, "AzərEnerji" tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq "Qorçu" yarımstansiyasının və "Laçın" şəhər qovşaq yarımstansiyasının da keçən il açılışı baş tutub. Eyni zamanda Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Cənab İlham Əliyevin "Cahangirbəyli" Su Elektrik Stansiyasının və "Ağdam" qovşaq yarımstansiyasının açılışında iştirakı "yaşıl enerji"yə keçidin dövlət səviyyəsində aparıldığının göstəricisidir.

Qeyd edək ki, işğaldan azad edilən torpaqlarımızda ötən il "AzərEnerji"nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal ediləcək.

Həyata keçirilən bütün bu işlərdən bir daha görürük ki, əsas hədəf təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməkdir. Bununla bağlı ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritet qəbul edib. Bunlardan biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olaraq müəyyən edilib. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin həyata keçirilməsi istiqamətində təqdirəlayiq addımlar atılır.

Azərbaycan öz təcrübəsini və imkanlarını dünyaya nümayiş etdirmək üçün beynəlxalq arenada bir çox tədbirlərə ev sahibliyi edib. Məlumdur ki, ölkəmizdə "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi COP29 beynəlxalq tədbiri keçiriləcək. Dövlətimiz bu kimi mötəbər missiyanı üzərinə götürməklə ekoloji dəyişikliklə mübarizəyə öz töhfələrini verəcək.

Dövlət başçımız İlham Əliyevin apardığı düşünülmüş, ardıcıl siyasət nəticəsində ölkəmiz hər ötən gün dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirir. COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə verilməsi də çox önəmlidir. Başqa sözlə desək, ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə bir sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Bu səbəbdən Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmur.

Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru COP29-dur. Yeri gəlmişkən qeyd edək ki, bu, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.

Röya RÜSTƏMLİ,

"Respublika".