Müasir çağırışlara həmrəy cavab:
Ekologiya

Müasir çağırışlara həmrəy cavab: "Yaşıl dünya"

Çağdaş dünyamızda təbiət-cəmiyyət münasibətlərinin kəskinləşərək pik nöqtəyə çatması səbəbindən ətraf mühitin mühafizəsi, insanla təbiətin qarşılıqlı vəhdəti, uzunmüddətli sosial və ekoloji inkişaf strategiyasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki təbiətə göstərilən antropogen təsirlər, ona vurulan ağır zərbələr ekosistemlərin, biosferin normal ahəngini ağlasığmaz dərəcədə pozur və bununla da bəşəriyyəti təhlükə qarşısında qoyur.

Bu gün ekoloji tarazlığın pozulması və bunun çox ağır nəticələrə səbəb olması bütün dünya ölkələrini, beynəlxalq təşkilatları ciddi narahat edir. Ölkəmizdə ətraf mühitin qorunması, insan və təbiət arasında münasibətlərin tənzimlənməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi müəyyən edilib və bu yöndə zəruri addımlar atılır. Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq, ölkədə sanitariya mədəniyyətini yüksəltmək kimi məsələlər daim dövlətin diqqət mərkəzindədir və bu sahədə davamlı olaraq böyük işlər görülür. Belə ki, neft və digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantılar ərazilərdən toplanaraq təkrar emal edilir, neftlə çirklənmiş torpaqlar təmizlənir, sənaye müəssisələri şəhərətrafı ərazilərə köçürülür və dünya standartlarına uyğun yeni sənaye müəssisələri tikilir. Bütün bunlar isə istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması üçün göstərilən qlobal səylərə mühüm töhfə verir.

Beynəlxalq münasibətlər sisteminin etibarlı və məsuliyyətli üzvü olan Azərbaycan insan fəaliyyətinin təbiətə mənfi təsirləri nəticəsində yaranan iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə aparır, neft-qaz istehsal edən ölkə olmasına baxmayaraq, bərpaolunan enerji növlərindən istifadəyə üstünlük verir. Respublikamızın gələcək inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin prioritet olması bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Yüksəkkeyfiyyətli ekoloji mühitin yaradılması, "yaşıl dünya"nın qurulması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə uğurlu nəticələrin əldə olunması, ekoloji təmiz texnologiyaların tətbiqinə xüsusi əhəmiyyət verilməsi, təmiz enerji mənbələrindən istifadə qarşıya qoyulan mühüm vəzifələrdir. İqtisadi artımla ekoloji mühitin tarazlaşdırılması, respublika ərazisində yararsız torpaq sahələrini dövriyyəyə cəlb etməklə təbii resursların bərpası, keyfiyyətli suya tələbatın su resurslarından səmərəli istifadə ilə ödənilməsi də prioritetdir. Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərində ətraf mühitin mühafizəsi, sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd","yaşıl kənd təsərrüfatı" və bir sıra "yaşıl texnologiya"lar kimi innovativ yanaşmaların tətbiqi ilə karbon qazının neytrallığının təmin edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resursları sektorunda aparıcı şirkətlər olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə enerji layihələrinin həyata keçirilməsinə investisiyaların yatırılması və İcra Müqaviləsinin imzalanması mühüm əhəmiyyət kəsb edən enerji layihələrinin inkişafına böyük təkan verir.

Prezident İlham Əliyev bu il iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində çıxışı zamanı demişdir: "Bu gün, həmçinin qardaş BƏƏ-dən olan "Masdar" şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir... Yeri gəlmişkən, ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir".

Onu da qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər bərpaolunan enerjinin həcminin üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Zəngin təbii ehtiyatlara malik olan respublikamızın işğaldan azad olunmuş ərazilərinin nəhəng bərpaolunan enerji ehtiyaları potensialı var. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda 2027-ci ilədək təxminən 2 qiqavat, 2030-cu ilədək isə 5 qiqavat günəş və külək enerjisi istehsalı planlaşdırılır. Yaxın gələcəkdə hidroelektrik sahəsində potensial 500 meqavata çatacaq. Bütün bunlar isə Azərbaycanın "yaşıl enerji"yə keçid sahəsində öndə gedən respublikalardan biri olmasına böyük imkan yaradır.

Müasir çağırışlara çevik cavab verən Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir və bu istiqamətdə həyata keçirilən beynəlxalq əhəmiyyətli işlərə dəstəyini əsirgəmir. 2024-cü ilin respublikamızda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək təşəbbüsünün alqışlanması ölkəmizin ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin regional və eyni zamanda qlobal səviyyədə təqdir olunmasının göstəricisidir.

Mehparə ƏLİYEVA,

"Respublika".