Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Qax Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

 

Qax Dövlət Təbiət Yasaqlığı

Müasir dövrdə ətraf mühitə, təbiətə, ayrı-ayrı bitki və heyvan növlərinə, onların qorunmasına diqqət və qayğı daha da artırılır. Xüsusi mühafizə rejiminə malik ərazilərin - milli parkların, qoruqların, yasaqlıqların yaradılması təbii resursların, biomüxtəlifliyin, torpaq örtüyü landşaftlarının məhv olmasının qarşısını almaq məqsədi daşıyır. Güman olunur ki, əgər mühafizə olunan ərazilərin sahəsi 15 faizə çatdırılsa, bu zaman bəzi bitki və heyvan növlərinin məhvinin qarşısını almaq mümkündür.

Respublikamızda yasaqlıqların genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanunun qəbul olunması da ölkəmizdə bu sahəyə diqqətin bariz nümunəsidir.

Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Rayon 1930-cu ildə yaradılıb. 2020-ci il məlumatına əsasən rayonun əhalisi 57200 min nəfər, sahəsi 1490 kvadratkilometrdir. Qax respublikamızın meşə sərvətinə malik olan rayonlardandır. Burada meşənin ümumi sahəsi 43,7 min hektardır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif meyvə ağacları, dərman bitkiləri, heyvanlardan isə qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar meşələrin zəngin sərvətidir. Ərazisində müalicəvi əhəmiyyətə malik olan mineral bulaqlar var. Bunlardan Oğlan bulaq, Qız bulaq və Hamam bulaq daha çox məşhurdur. Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim istidir.

Qax rayonunun faunası çox zəngindir. Ərazidə heyvanlardan Azərbaycanın "Qırmızı Kitab"ına düşmüş qarapaça, vaşaq, çöl pişiyi, quşlardan isə iri qırğı, berqut, toğlugötürən, Qafqaz tetrası, kəklik və s. məskunlaşıb. Dağlıq ərazilərində ayı, canavar, çaqqal, tülkü, qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, cüyür, Dağıstan dağ keçisi, çöl donuzu ov heyvanları yayılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə öz əzəli təbii yaşayış mühitinə qaytarılması məqsədilə 2010-2016-cı illərdə Qax Dövlət Təbiət Yasaqlığının Acınohur və Sarıca çöllərinə 49 baş ceyran buraxılmışdır. Hazırda isə həmin ərazidə ceyranların tayı 70-ə yaxındır və onların sayının 150-yə çatdırılması nəzərdə tutulub.

Qax Dövlət Təbiət Yasaqlığı 16 iyun 2003-cü il tarixində yaradılmışdır. Yaradılmasında əsas məqsəd yay otlaqlarında və Acınohur düzündə faunanın və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması və bərpa edilməsidir. Yasaqlıq həm yüksək dağlıq əraziləri (subalp, alp, subnival), həm də Alazan-Həftəran vadisindəki Axabaxar silsiləsini əhatə edir. Ümumi sahəsi 36836 hektar olan yasaqlığın yüksək dağlıq hissəsində əsasən subalp, alp və subnival çəmənliklərinə xas olan bitki örtüyü üstünlük təşkil edir. Burada dominant cinslərə, taxıllar fəsiləsinə aid olan topal, nazikbaldır, şiyav, çəmklicə, pişikquyruğu, paxlalılar fəsiləsinə aid olan yonca, qarayonca, lərgə, mürəkkəbçiçəklilər fəsiləsinə aid olan boymadəran, xaçgülü, güləvar və s. gülçiçəklilər fəsiləsinə aid olan qaytarma, dovşanalması, böyürtkən cinsinə aid olan ot və kol bitkiləri geniş yayılmışdır. Bunlardan başqa, meymun səhləbi, fır-fır səhləb, vaxtsız çiçək və s. bitkilərə rast gəlinir. Yasaqlıqda nəsli kəsilməkdə olan ceyranların saxlanması, bərpası prosesi həyata keçirilir. Yasaqlığa qışlamağa gələn köçəri quşların bəzi növləri "Qırmızı Kitab"a düşüb. Ərazidə həm də nadir quşlar, o cümlədən Qafqaz durnası məskunlaşıb ki, onların sayları 200 cütə yaxındır.

Əli SADIQOV,

"Respublika".