Yavaş, sakit, yaşıl şəhərlər
İqtisadiyyat

Yavaş, sakit, yaşıl şəhərlər

Bu il "Yavaş şəhər" hərəkatının fəaliyyətə başlamasından 25 il keçir

Sənayeləşmə artdıqca şəhər əhalisinin də sayı durmadan çoxaldı, texnoloji proseslər bu gün hamımızın bildiyi qloballaşma fenomenini ortaya çıxardı. İlk kompüter şəbəkəsinin yaradılması ilə bütün dünya ovcun içi kimi aydın görünməyə başladı. Təbii ki, dünya da bu inkişafın fonunda özünü "gördü" və onun tələbləri ilə yaşamağa davam etdi. Hər bir inkişaf müsbət nəticələrlə bərabər, mənfi cəhətlərlə də özünü göstərir. Çox işləmək, sürətli düşünmək, tez-tez yemək, hər işin dalınca tələsmək, baş verən heç bir hadisəni qaçırmamaq və s... Bütün bunlar həyatı adiləşdirib, bu kiçilən dünyamızda artıq hər şey bir-birinə bənzəməyə başlayıb. Bu proseslər şəhərlərə, yerli istehsalçılara da təsirsiz qalmır. Ənənəvi dəyərlər yavaş-yavaş itdikcə, yeni-yeni terminlər, fenomenlər, anlayışlar yaranır...

XX əsrin sonlarında İtaliyada belə bir anlayış həyata vəsiqə aldı: sittaslou. Bu, italyan dilində "yavaş şəhər" mənasında işlədilir. "Yavaş şəhər" 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkatdır və yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək hərəkata 236 üzv şəhər qoşulub. Məqsəd həyatın ritmini yavaşıtmaqla şəhərlərdə həyat keyfiyyətini yaxşılaşdırmağa nail olmaqdan ibarət idi.

1999-cu ildə Bra və İtaliyanın digər üç şəhəri "Sloufud" hərəkatının qurucusu Karlo Petrininin prinsiplərinə uyğun olaraq həyat ritmini dəyişməyə qərar verdi. Və bu hərəkat İtaliyada böyük dəstək qazandı. 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniya da hərəkata daxil oldu. 2009-cu ildə artıq hərəkata qoşulan ölkələrin sayı 14-dən çox idi. Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowican Bay), Kanadanın dənizkənarı kəndləri də "Yavaş şəhər"lər hərəkatına daxil olublar.

"Yavaş şəhər" hərəkatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir. Şəhərdəki həyat keyfiyyətinin yaxşılaşdırılması, orta və qloballaşma ilə qarşıdurma, ətraf mühitin qorunması, hər bir şəhərin mədəni müxtəlifliyinin və özünəməxsusluğunun təbliğ edilməsi, sağlam həyat tərzi üçün şəraitin yaradılması və s. əsas prinsiplər sırasındadır.

Təşkilata üzvlük iki kateqoriyada həyata keçirilir. Birinci kateqoriya üzrə yalnız 50 min nəfərdən az əhalisi olan şəhərlər təşkilata tam üzv ola bilər. 50 mindən çox əhalisi olan şəhərlər "Yaşıl şəhər" hərəkatının dəstəkçisi sayılır. Bundan başqa, fərdi qaydada, ailələr şəklində də hərəkatda iştirak etmək mümkündür.

Yavaş, yaxud sakit şəhər... Artıq getdikcə genişlənən bu hərəkatın özünə loqo üçün ilbiz fiqurunu seçməsi də maraq doğurur. Əslində, bu loqo bir çox şeyi rəmzləşdirir. İlbiz ən ləng hərəkət edən bir canlıdır və sakit həyat fəlsəfəsinə tam uyğundur.

Bir yerin, ərazinin "yavaş şəhər" kimi qəbul edilməsi üçün o, müəyyən meyarlara cavab verməlidir. Sakit-yavaş şəhərlərdə ətraf mühitə həssas yanaşmaq, şəhər həyatının keyfiyyətini artırmaq, kənd təsərrüfatı, turizm və istehsalda yerli dəyərləri qorumaq kimi prinsiplərə əməl edilməlidir.

Bu il "yavaş şəhər" hərəkatının 25 ili tamam olur. Ötən illərdə dünyanın 120-dən çox şəhəri bu statusa layiq görülüb. Dünya ölkələri arasında İtaliya liderdir. Belə ki, bu ölkənin 70-dən çox şəhəri "Yavaş şəhər" hərəkatına üzv seçilib. İkinci yerdə Polşadır. Bu ölkənin isə 13 şəhəri hərəkatda təmsil olunur. Almaniya və Cənubi Koreya hərəsi 11 şəhərlə öncüllər sırasındadır.

2022-ci ildə qardaş Türkiyənin İzmir vilayətinin Seferihisar rayonu dünyanın 121-ci "yavaş şəhəri" seçilib. Türkiyənin ilk "yavaş şəhər"i olan Seferihisar naringi bağları, günəş, geomineral və külək enerjisi kimi bərpaolunan enerji mənbələri və bir çox antik şəhərləri ilə diqqət çəkir. Bura sözün həqiqi mənasında, sakit şəhər atmosferinin heyrətamiz şəkildə hiss olunduğu yerdir. Seferihisarda antik dövrün ən qədim mühüm liman şəhərlərindən biri olan Teos yerləşir. Antik Teos şəhəri Anadoluda yaradılan ilk sənətkarlar birliyi və dünyanın ən böyük tanrılarından biri sayılan Dionisin məbədinə ev sahibliyi edir. Səlcuqlar dövründən qalan Sığacık qalası da burada yerləşir. Qala divarları arasında gizlənən, çox yaxşı qorunan, memarlığı ilə seçilən sakit küçələri var. İstirahət günləri Sığacıkın yerli bazarları insanla dolu olur. Yəni Sığacık öz bazarları ilə də məşhurdur. Rayonda istehsal olunan təzə yerli məhsulları bu bazarlara elə istehsalçıların özləri çıxarırlar.

Mavi bayraqlarla bəzədilmiş çimərliklər, naringi və zeytun bağları həm də insana bir rahatlıq gətirir. Burada həyat insana o qədər qayğısız görünür ki... Küçə işıqları günəş enerjisilə işləyir, nəqliyyatda velosipedlərə üstünlük verilir. Yamyaşıl dona bürünmüş küçələrdə əlillərin sərbəst, rahat hərəkəti üçün də şərait yaradılıb.

Seferihisarda hər il Toxum Mübadilə Festivalı təşkil olunur. Yetişdirilən toxumlar burada fermerlərə paylanır. Çeşidli yeməklər, təklif olunan restoranlar, istehsalçıların öz məhsullarını vasitəçi olmadan satmaq imkanları bu bölgəyə "yavaş şəhər" olma haqqını qazandıran amillər sırasındadır.

Bəli, yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, bu gün dəyişən, qloballaşan dünyamızda şəhərlər də eyniləşməyə, adiləşməyə məhkumdur, ancaq "yavaş şəhər" hərəkatı bu taleyi dəyişir. Hərəkata üzv olan şəhərlər tarixi, təbiəti, mədəniyyəti və adət-ənənələri ilə özlərinə məxsusluğu qoruyub saxlayır, bəşəriyyətə töhfə verirlər.

Bu gün Yer kürəsi böyük çətinliklərlə üzləşib. Planetimizin kometalar, meteoritlərlə toqquşması, ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına temperaturun artması ("parnik effekti"), su qıtlığı, ərzaq çatışmazlığı və digər təbiət hadisələrinin qarşısının alınmasına cəhd göstərilsə də ekoloji problemlərin dünya miqyasında baş vermə təhlükəsi artmaqda davam edir. İndi insanlar təbiətə vurduqları yaranı sağaltmağa çalışır, ziyanın yarısından da olsa geri dönməyə cəhd göstərirlər. Elə yavaş, sakit, yaşıl şəhərlərin sayının artırılması, bu istiqamətdə başlayan hərəkatın geniş vüsət alması da buna xidmət edir: planetimizi xilas etməyə...

Zümrüd QURBANQIZI,

"Respublika".