SABAH-ın məzunu – 2024
Elm və təhsil

SABAH-ın məzunu – 2024

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib.

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Sonra Elm və təhsil naziri Emin Əmrullayev "SABAH qrupları" layihəsinin mahiyyət və məqsədi barədə danışıb.

Nazir həmçinin bildirib ki, SABAH qruplarının 10 illik fəaliyyəti ərzində yaratdığı fərqli imkanlar tələbələr arasında rəqabət formalaşdırıb. Gələcəkdə bu pilot layihənin genişləndirilməsinin zəruriliyinə toxunan nazir SABAH məzunlarını təbrik edib. Ardınca isə SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.

Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2023–2024-cü tədris ilində 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.

Bayram SALMANOV,

"Respublika".