Türk dünyası – ortaq dil, oxşar mədəniyyət, eyni adət-ənənə
Siyasət

Türk dünyası – ortaq dil, oxşar mədəniyyət, eyni adət-ənənə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu il iyul ayında Şuşada keçiriləcək. Türkiyə Prezidenti deyib: "Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm".

Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi barədə qərar 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib.

Şuşa Zirvə görüşünün xüsusi özəlliyi budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də tədbirə qatılması gözlənilir. Bu barədə Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də iştirak edəcək və bu, türk xalqlarının birliyinə güclü təkan verəcək.

Azərbaycanın xarici siyasət gündəliyinin əsas prioritetlərindən biri Türk Dövlətləri Təşkilatının və əməkdaşlığın gücləndirilməsidir. Qeyd edək ki, TDT spesifikliyi ilə seçilən beynəlxalq təşkilatdır. Digər regional təşkilatlarda olduğu kimi, TDT yalnız üzv dövlətləri birləşdirən ümumi baxış, qarşılıqlı maraqlar və ya inteqrasiyadan ibarət deyil. Bu təşkilat ortaq soy-kökə, dilə, mədəniyyətə və adət-ənənələrə əsaslanır. Məhz buna görə də TDT-yə üzv ölkələr arasındakı əlaqələr qardaşlıq münasibətlərini ifadə edir.

Ölkəmiz türk dünyasının birliyinə hər zaman töhfə verib və bundan sonra da bu birliyə sadiq qalacaq. Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində dediyi kimi, "Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki o, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".

Xatırladaq ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası qoyuldu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı saziş imzaladı. Naxçıvan Sazişinə uyğun olaraq ildə bir dəfə TDT-nin Zirvə və bir gün öncə TDT Xarici İşlər Nazirləri Şurasının görüşləri keçirilir.

TDT-nin bu günədək doqquz Zirvə görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd) keçirilib.

Həmçinin 31 mart 2021-ci il və 16 mart 2023-cü il tarixlərində TDT-nin növbədənkənar Zirvə görüşləri də baş tutub.

Təşkilatın bu günə qədər keçirilmiş bütün Zirvə görüşlərində tərəflər "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi"nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulamış, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işlərinə töhfə verməyə hazır olduqlarını bildirmişlər.

2019-cu ilin oktyabrın 15-də Bakı şəhərində TDT-nin 7-ci Zirvə görüşü keçirilmiş, həmin görüşdə Özbəkistanın təşkilata üzvlüyü təsdiq edilmişdi. Bu Zirvə görüşündən sonra təşkilata sədrlik növbəti Zirvə görüşünədək Azərbaycan Respublikasına keçmişdi.

2021-ci il noyabrın 12-də İstanbulda TDT-nin 8-ci Zirvə görüşündə təşkilata sədrlik Azərbaycandan Türkiyə Respublikasına həvalə edilmişdir. TDT-nin 8-ci Zirvə görüşü zamanı təsdiq olunmuş "Türk Dünyası Baxışı 2040" sənədində Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsinin "yaşıl enerji" zonasına çevrilməsi işlərində TDT-yə üzv dövlətlərin iştirakı xüsusi qeyd olunmuşdur.

2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş TDT-nin 9-cu Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş və görüşdə TDT ilə bağlı vacib qərarlar qəbul olunmuşdur.

Ötən 15 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirildi, eləcə də mədəniyyət, incəsənət, iqtisadiyyat, ticari əlaqələr və digər sahələrdə əməkdaşlıq genişləndirildi.

Məlumdur ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və Qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarixin bütün dövrlərində mütəşəkkil qüvvə kimi çıxış edirlər.

Bu illər ərzində görülən işlər, qarşılıqlı səfərlər böyük əhəmiyyətə malikdir. Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaların rolu danılmazdır. Çünki böyük bir coğrafiyanı bölüşən türk xalqları ortaq dəyərlərə, dil və din birliyinə, oxşar həyat tərzinə, yaşam və məişət fəlsəfəsinə malikdir. Hazırda qardaş dövlətlər arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində qlobal işlər görülür, mütərəqqi addımlar atılır. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı digər türkdilli dövlətlər üçün də nümunəvi örnəkdir.

Türk dövlətləri arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müntəzəm və sistemli şəkildə davam etdirilir, zaman keçdikcə daha da möhkəmləndirilir. Hazırkı geostrateji vəziyyət bu istiqamətdə inkişaf üçün əlverişlidir və türk dövlətləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması üçün ən münasib şərait mövcuddur. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini əhatə edən coğrafiyada güclü varlığı ilə geostrategiyanın müəyyənedici elementi olan türk dünyasının yeni qlobal nizamın müəyyən edilməsində mühüm rola sahib olması XXI əsr türk ideologiyasının tarixi missiyasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi: "Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, geniş bir coğrafiya, böyük torpaqlar, böyük hərbi güc, böyük iqtisadiyyat, təbii sərvətlər, nəqliyyat yolları, gənc əhali, artan əhalidir və eyni kökdən gələn xalqlardır. Bundan daha güclü birlik ola bilərmi? Təbii ki, yox. Türk Dövlətləri Təşkilatının qlobal arenada güc mərkəzi olması üçün birgə səy göstərməliyik. Biz buna ancaq birlikdə nail ola bilərik". Qüdrətli, uzaqgörən siyasətçi Prezident İlham Əliyevin bu müdrik fikirləri türk dünyasının daha sıx inteqrasiyası üçün son dərəcə mühüm çağırışdır.

TDT ölkələrimizin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsinə, sabitliyə və inkişafa xidmət edir, eyni zamanda dünyada sülh, sabitlik və təhlükəsizliyə mühüm töhfə verir. Bunu da qeyd edək ki, türk dünyası inkişafa, sabitliyə xidmət edən sülhsevər cəmiyyətdən ibarətdir. Asiya qitəsini Avropa ilə birləşdirən Mərkəzi Dəhlizdə yerləşən türk dövlətlərinin nəqliyyat və kommunikasiya infrastrukturlarının səmərəli inkişafı, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması regionun ticarət və tranzit potensialını getdikcə artırır. İqtisadiyyat, sənaye və maliyyə sahələrində əməkdaşlıq layihələrinin hərtərəfli həyata keçirilməsi türk dövlətləri arasında mal və xidmətlərin dövriyyəsini asanlaşdırır, həmçinin istehsal və ixrac qabiliyyətini artırır.

Bunu da xüsusilə qeyd etmək lazımdır ki, TDT heç bir quruma, hər hansısa birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil. Bu təşkilat yalnız türk dünyasını birləşdirmək, onu daha da yüksək səviyyədə inkişaf etdirmək üçün vasitədir.

Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Ölkəmiz üçün bu təşkilatın əhəmiyyəti daha böyükdür. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Nəqliyyat əlaqələrinin qurulmasının və genişləndirilməsinin türk dünyasının birləşməsi ilə sıx bağlı proses olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması əsas məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir, indi Orta Dəhlizə dünyada daha böyük ehtiyac var.

Türk dövlətlərinin əhalisinin 40 faizə yaxınını gənclər təşkil edir. Türk dünyasının intellektual potensialının gücləndirilməsi, təhsil sahəsində qarşılıqlı əlaqə və qabaqcıl təhsil təcrübələrinin bütün türk dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası mühüm faktorlardandır. Həmçinin türk dünyası regionunda müasir dövrün çağırışları qarşısında koordinasiyalı ümumi informasiya məkanının yaradılması və kibertəhlükəsizlik sahəsində səmərəli fəaliyyətin və əməkdaşlığın təmin edilməsi də mühüm vəzifələrdəndir. Türk mədəni irsinin qorunması və təbliği, eləcə də bu irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi və müvafiq beynəlxalq təşkilatlarda bu məsələdə ortaq mövqe nümayiş etdirilməsi çox vacibdir. Dövlət başçılarımızın siyasi iradəsi imkan verir ki, bu istiqamətlər üzrə TDT-nin gücləndirilməsinə və konkret nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyət həyata keçirilsin. Dövlətlərimizin və xalqlarımızın birgə fəaliyyəti nəticəsində birliyimizin güclənməsi türk dünyasını aparıcı güc mərkəzlərindən birinə çevirir.

Bayram SALMANOV,

"Respublika".