Əhəmiyyətli görüş, mühüm addımlar
Siyasət

Əhəmiyyətli görüş, mühüm addımlar

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatinin liderlərinin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi gözlənilir. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan liderləri, eyni zamanda müşahidəçi qismində olan dövlətlərin və Türk Dövlətləri Təşkilatının baş katibinin iştirakı ilə keçiriləcək sammitdən gözləntilər çoxdur. Əsas məsələ, bu sammitin Şuşada keçirilməsi ilə dünyaya verilən mesajdır.

Belə ki, Sammitdən sonra Yekun Bəyannamənin imzalanması gözlənilir ki, bu da çox mühüm tarixi hadisədir. Eyni zamanda nəqliyyat bağlantısı və iqlim fəaliyyəti mövzusunda keçiriləcək müzakirələr təşkilatın əsas məsələləri və gündəliyi üzrə platforma rolunu oynayacaq. Azərbaycan üçün TDT-nin çox böyük perspektivləri var. Məlumdur ki, türk dövlətləri arasında iqtisadi-ticari əlaqələr ildən-ilə genişlənir, müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalanır. Türk Dövlətləri Təşkilatı iqtisadi, siyasi cəhətdən, eləcə də gələcəkdə hərbi məsələlərin həlli istiqamətində mühüm addımların atılmasına zəmin yaradır. Digər əsas məsələlərdən biri də Orta Dəhlizlə bağlıdır. Orta Dəhlizin açılması türk dövlətlərinin quru sərhədləri arasında əlaqəyə gətirib çıxara bilər. Belə ki, Orta Dəhliz vasitəsilə yük daşımalar həyata keçiriləcək. Burada ən mühüm olan Zəngəzur dəhlizidir. Görüş öncəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanda Rusiya Prezidenti V.V.Putin və Qazaxıstan Prezidenti Q.Tokayevlə görüş keçirməsi çox mühüm əhəmiyyət kəsb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da müvafiq görüşlərin keçirilməsi gələcəkdə Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün əsaslı addımlardır. Hesab edirəm ki, Azərbaycan-Ermənistan arasında imzalanacaq müqavilə Zəngəzur dəhlizinin açılmasına əhəmiyyətli təsir göstərəcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, Şuşanın beynəlxalq səviyyəli görüşlərə ev sahibliyi etməsi türk dünyasının mədəniyyət paytaxtı ilə birbaşa bağlantısının bariz nümunəsidir. Düşünürəm ki, bu, əhəmiyyətli görüş olacaq. Və bu dünyaya bir mesaj kimi səslənməlidir ki, türk dünyasının həmrəyliyi təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sabitliyin və iqtisadi proseslərin daha da inkişafında əsas amildir.

Arzu NAĞIYEV,

politoloq.