Şuşa yenidən siyasi- diplomatik mərkəzə çevrilir
Siyasət

Şuşa yenidən siyasi- diplomatik mərkəzə çevrilir

Türkiyə

İyul ayının 5-6-da regional vəbeynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə Şuşada qeyri-rəsmi sammiti keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər.

Sammitin Şuşada keçirilməsi tarixi hadisədir. Zirvə görüşü hər şeydən öncə, azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin olunduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdir ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı Zirvə görüşünün ildə bir dəfə keçirilməsinin kifayət etmədiyini vurğulamışdı. Eyni mövqeyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdi: "Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm".

"Bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addım sayıla bilər. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq''. Bu fikri mövzu ilə bağlı açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.

Y.Karauz həmçinin deyib: "Şuşada keçiriləcək Zirvə görüşündə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinə yönəlik təhdid riskləri, potensial təhlükə mənbələri kimi məsələlər müzakirə olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı danışarkən "…bizim bir ailəmiz var, o da türk dünyasıdır", - demişdi. Bu ailənin, ilk növbədə, öz ölkələrinin təhlükəsizliyini, ərazi bütövlüyünü və suverenliyini mühafizə etməsi çox önəmlidir. İkinci növbədə isə Türk dünyasına qarşı təhdidlərin aradan qaldırılması yönündə birgə addımlar atılması olduqca vacibdir. Şuşada keçiriləcək Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət edilməsi tarixi önəm kəsb edir. Zirvə görüşündə "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində atılacaq addımlar və bu istiqamətdə qarşıda duran hədəflər gündəmə gətiriləcək. Şübhəsiz, Zirvə çərçivəsində Azərbaycan-Ermənistan arasında danışıqlar və sülhün əldə olunmasının bölgədə sabitliyə töhfə verəcəyi müzakirə olunacaq. Əsas məsələ türk dövlətlərinin hər hansı təhdidə qarşı ortaq mücadiləsi, birgə addımlar atmasıdır. O baxımdan, Zirvə görüşü böyük əhəmiyyətə malikdir. Bu, həm də qlobal miqyasda önəmli bir Sammitdir. Zirvənin Şuşada keçirilməsi isə xüsusi mahiyyət kəsb edir. Bunun siyasi-iqtisadi, mədəni olmaqla yanaşı, həm də ciddi simvolik önəmi də var.

TDT Sammitinin məhz Şuşada keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və dərin strategiyasının tərkib hissəsidir. TDT-nin Şuşa Sammitini ümumilikdə türk dünyasının Zəfər Sammiti də adlandırmaq olar və bu, təşkilatın perspektivi üçün əhəmiyyətlidir. Bu Sammit Türk dünyasının məhz Şuşada - Qarabağda daha sıx birləşməsinə, türk coğrafiyasına inteqrasiyanın daha da dərinləşməsinə təkan verəcək. Əminliklə deyə bilərəm ki, bu tədbirdə iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı da əldə edəcəklər. Bu Sammitlə Türk Dövlətləri Təşkilatı gələcəkdə daha da güclənərək dünyada söz sahibi olacaq.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.