Ekologiya

"Yaşıl enerji"yə keçid zamanın çağırışıdır

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi nüfuzu gündən-günə artır. Öz daxili potensialı hesabına heç bir ölkədən yardım almadan XXI əsrin müharibəsini apararaq torpaqlarını işğaldan azad edən dövlətimiz bu gün sosial-iqtisadi infrastruktur quruculuğunu uğurla həyata keçirməklə sürətli inkişafın yeni mərhələsinə qədəm qoyub.

İşğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasının, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaradılmasının prioritet olaraq müəyyənləşdirilməsi təkcə respublikamızda deyil, bütövlükdə regionda sabitliyin, rifahın bərqərar olmasına, eyni zamanda qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına yönəlib. İqtisadi suverenliyin möhkəmləndirilməsi, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması 2030-cu ilədək olan mərhələdə əsas vəzifə kimi qarşıya qoyulur. Dayanıqlı, inklüziv iqtisadiyyat, təbii resurslardan səmərəli istifadə, keçmiş məcburi köçkünlərin tarixi yurd yerlərinə ləyaqətli qayıdışı yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qarşıdakı onillikdə ölkənin hərtərəfli inkişafına nail olmaq üçün nəzərdə tutulan beş öhdəlikdən biri "təmiz ətraf mühit və yaşıl artım ölkəsi"nin reallaşdırılmasıdır.

Bərpaolunan enerji sahəsinin inkişafı, "yaşıl enerji"yə keçid bu gün qloballaşan dünyanın çağırışıdır. Çünki ətraf mühitin mühafizəsi, təmiz ekoloji dünyanın qurulması məhz bərpaolunan enerjinin istehsalından çox asılıdır. Bu baxımdan, zamanın çağırışlarına çevik cavab verən, öz nefti, qazı, elektrik enerjisi ilə daxili tələbatını ödəyən və eyni zamanda bu məhsulları dünya bazarına çıxaran ölkəmizdə alternativ enerji mənbələrinin yaradılması əsas prioritetdir. Ekoloji problemlərin həlli, o cümlədən yaşıllıqların artırılması və qorunması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən, təbii resurslardan səmərəli istifadə bu istiqamətdə həyata keçirilən siyasətin əsasını təşkil edir.

Zəngin yeraltı, yerüstü sərvətlərə sahib olan ölkəmizdə "yaşıl enerji"yə keçidlə bağlı düşünülmüş addımlar atılır. Qloballaşan dünyada böhranlara, kataklizmlərə baxmayaraq, iqtisadiyyatının dinamikliyini təmin edən Azərbaycan alternativ enerji mənbələrindən istifadəni genişləndirir ki, bu da öz növbəsində neft və qaz kimi qiymətli yanacaqlara qənaət edilməsinə, təbii qazın, maye yanacağın istifadəsi zamanı zərərli maddələrin ətrafa yayılmasının qarşısının alınmasına imkan yaradır. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasının nəzərdə tutulması bu istiqamətdə görülən işlərin nəticəsidir. "Yaşıl enerji zonası" elan olunan işğaldan azad edilmiş ərazilər - Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da böyük həcmdə külək və günəş enerjisi potensialına malikdir. Bu isə ölkəmizdə "yaşıl enerji" növlərinin yaradılmasına və bu enerjinin dünya bazarlarına çıxarılmasına imkan verir.

2030-cu ilə qədər ölkəmizdə bərpaolunan enerji potensialının 4 dəfə artırılması, fosil yanacaqlardan keçidin sürətləndirilməsi və bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir ki, bu da "100 faiz bərpaolunan enerji sistemi"nə doğru atılan mühüm addımdır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində "100 faiz Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması" mövzusunda keçirilən Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqu tədbirində çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib ki, daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə "yaşıl enerji" planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox "yaşıl enerji" güclərinin reallaşdırılmasını hədəfə almışıq. Bu, bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpaolunan enerji potensialının artırılması mənbələrindən olacaq.

Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan "yaşıl enerji" layihələrini dəstəkləyən ölkəmizdə "yaşıl enerji zonaları"nın yaradılması və tədricən dekarbonizasiya prosesi vasitəsilə enerji sektorunda davamlı inkişafa başlanılıb. "Bütün Qarabağ zonası yaşıl enerji zonası olacaq", - deyən ölkə başçısının bu sahədə müəyyən etdiyi strategiyaya uyğun olaraq bu gün ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Ekoloji təhlükəsizliyin bərpaolunan mənbələr hesabına təmin olunması üçün qarşıya qoyulan məqsədlər uğurla icra edilir.

Mehparə ƏLİYEVA,

"Respublika".