Ermənistan ətraf mühit üçün təhdid yaradır
Ekologiya

Ermənistan ətraf mühit üçün təhdid yaradır

Məlum olduğu kimi, iyulun 7-də Azərbaycanın Qeyri-Hökumət Təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana müraciət edib. Müraciətdə Ermənistanın dağ-mədən sənayesinin regionda ciddi ekoloji fəlakət yaratdığı bildirilib.

Məsələyə münasibət bildirən "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva proses barədə daha geniş məlumat verib. O, deyib ki, Azərbaycanda ekologiya və ictimai səhiyyə sahəsi üzrə fəaliyyət göstərən 20-dən çox qeyri-hökumət təşkilatları ilə birgə Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlanıb. Məktubda Ermənistanda dağ-mədən sənayesində işlərin ekoloji normaları gözlənilmədən aparıldığı qeyd olunub. Biz buna Ermənistan tərəfindən həyata keçirilən ekoloji terror desək daha düzgün olar. Çaylarımızın, atmosferin çirkləndirilməsi, torpaq ekosisteminin məhvi, insanların həyatını təhlükə altında qoyacaq içməli su ehtiyatlarının zəhərlənməsi son illərdə daha geniş vüsət alıb. Məktubda qeyd olunan 12 faktdan göründüyü kimi, ərazidə çirklənməyən çay qalmayıb. Sevan gölü, Həkəri çayı, Bərgüşadçay, Arpaçay, Bazarçay eləcə də Araza tökülən bir çox çaylar ağır metal tullantıları, sionid və digər zəhərli maddələrlə çirkləndirilir.

Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgədə yerləşən Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodunun tikintisi davam etdirilir. Həmin zavoda Amerika Birləşmiş Ştatlarının bir şirkəti 70 milyon dollar sərmayə qoyub. İllik dövriyyəsi 180 min ton metal istehsal etməyə imkan verən bu zavod da ətraf mühit üçün ciddi təhdiddir. Ümumiyyətlə, biz düşünürük ki, bu, nəinki regionu, hətta planeti də böyük təhlükə ilə üz-üzə qoyur. Çünki zavoddan buraxılan zəhərli tullantılar atmosferə qalxır, nəticədə turşulu yağışlar yağmağa başlayır. Çaylara axıdılan zəhərli tullantılar faunaya, floraya, canlı aləmin məhvinə gətirib çıxarır. Həmin sulardan istifadə edən insanların səhhətində ciddi problemlər yaranır. Biz ictimai səhiyyə fəalları olaraq bir müddət öncə Arazdəyəndə metallurgiya zavodunun tikilməsi ilə bağlı öz etirazımızı ifadə edən bəyanat yayımlamışdıq. Bu bəyanata artıq 40-dan çox beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri imza atıblar. Həmçinin  bəyanatı 100-dən çox beynəlxalq insan hüquqları üzrə təşkilatlara, Ümumdünya Səhiyyə Təşkilatına, BMT-nin ətraf mühit və insan hüquqları üzrə məruzəçilərinə, "Save the children" təşkilatına və ətraf mühitlə bağlı fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarına da göndərmişik. Məqsədimiz dünya ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən törədilən ekoloji cinayətlərə cəlb etmək, onları məlumatlandırmaqdır. Beynəlxalq arenada məlumatların yayılmasını qarşımıza məqsəd qoymuşuq. Düşünürük ki, həm açıq məktubumuza, həm də Arazdəyəndəki metallurgiya zavodu ilə bağlı beynəlxalq təşkilatlarla birgə hazırladığımız bəyanatımıza rəylər alacağıq. Bildiyimə görə Ermənistanda bir neçə vətəndaş cəmiyyəti qurumlarından bizim məktuba qoşulanlar olub. Ermənistan 1991-ci ildə qüvvəyə minmiş Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Espo Konvensiyasını, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini kobud şəkildə pozur. Bu istiqamətdə biz öz etirazlarımızı davam etdirməklə, həmin müəssisələrin fəaliyyətinin dayandırılmasını tələb edəcəyik.

Nəzrin ELDARQIZI,

"Respublika".