Missiya uğurla başa çatdırılacaq
Ekologiya

Missiya uğurla başa çatdırılacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Qlobal aləmdə baş verən bir sıra iqlim dəyişmələri məsələlərinin müzakirəsı, dünya liderlərinin, hökumət rəsmilərinin, QHT-nin bir araya gəldiyi tədbirin əhəmiyyəti olduqca böyükdür. BMT-nin Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib.

COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır, katibliyi isə Bonnda yerləşir. 1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, sonuncu COP28 ötən il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. İlk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sözügedən tədbirdə iştirak edib.

Artıq ənənə halını almış və hər il keçirilən COP-da dünyanın bütün ölkələrindən hökumət nümayəndələri iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-a ev sahibliyi BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Avropa ölkələrinin Azərbaycanı dəstəkləməsi ilk növbədə, ölkəmizin diplomatik uğurudur. Bu nailiyyətlərin əldə edilməsi isə uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir. Onu da qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşlər. Lakin ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb.

Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Azərbaycanın COP29-a ev sahibi seçilməsi ölkəmizin beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir. Dünya səviyyəli belə bir tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Bu tədbirin Azərbaycanda keçirilməsi həm də onu göstərir ki, ölkəmiz qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib.

Azərbaycanda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi deyil, həlli istiqamətində mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Ölkəmizin ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə əməkdaşlıq üçün böyük imkanları var. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçid və iqlim dəyişmələri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Çünki ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, eyni zamanda 2050-ci ilə qədər 1990-cı il ilə müqayisədə karbon emissiyalarını 40 faizə qədər azaldaraq qlobal istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşıya məqsəd qoyub. "Yaşıl enerji" təchizatçısı kimi Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra edir.

Danılmaz faktdır ki, qlobal səviyyədə iqlim dəyişmələri ilə mübarizədə ən böyük problemlərdən biri kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır. Bu baxımdan, 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevriləcək və ev sahibi kimi Azərbaycan bu missiyanı uğurla başa çatdıracaq.

Ramidə YAQUBQIZI,

"Respublika".