Qarabağ möcüzələrə şahidlik edir
CƏMİYYƏT

Qarabağ möcüzələrə şahidlik edir

Müharibədən sonra işğaldan azad olunmuş ərazilərə qayıdış başlayıb. Doğma yurdun əsl sakinləri mərhələli şəkildə evlərinə geri dönürlər. 30 il Qarabağın havasına belə həsrət qalan insanlar artıq qayıdış sevincini yaşayırlar. İnsanın əsas hüquqlarından biri onun doğulduğu, böyüdüyü yerdə yaşamasıdır. 30 ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən bu hüquqdan məhrum edilmiş azərbaycanlılar Prezident İlham Əliyevin siyasəti və şəhidlərimizin canı bahasına o hüququ yenidən əldə ediblər. Bütün keçmiş məcburi köçkünlər doğma evlərinə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya qayıdacaqlar. Xocalı sakinləri rayonda yenidənqurma işlərinin yekunlaşmasını səbirsizliklə gözləyir. Xocavənd, Xocalı, Xankəndi və Ağdərə yenidən qurulur. Bu qayıdışa artıq sayılı günlər qalıb.

2026-cı ilin sonuna qədər 100 mindən çox keçmiş məcburi köçkünün dədə-baba yurduna qayıtması ölkəmizin yaxın gələcək üçün hədəflərində nəzərdə tutulub. Artıq Ağalı, Talış, Zabux kəndlərində yaşayış bərpa edilib, Laçın, Füzuli şəhərlərində məskunlaşma, quruculuq işləri vüsət alıb, 10-a yaxın şəhər və 90-dan çox kəndin Baş planı təsdiqlənib, 30 kəndin isə təməli qoyulub. Bundan başqa, Zabux və Sus kəndlərində tikinti prosesinin intensiv şəkildə davam etdirilməsi Azərbaycanın gücünün, qüdrətinin bariz göstəricisidir.

Vətəndaşlarımız öz evlərində məskunlaşmaqla yanaşı, həmin ərazilərdə daimi işlə də təmin olunurlar. Beləliklə, müvafiq qurumlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərə peşə qabiliyyətləri və sertifikatları əsasında iş təklif edirlər. Sakinlər həmin ərazilərdə müxtəlif dövlət qurumlarında, iaşə obyektlərində və digər müəssisələrdə işləyirlər.

Böyük Qayıdışda növbə şuşalılara da çatdı. İllərdi ki, insanlar Qarabağ, Şuşa nisgili ilə yaşayırdılar. Tikilən yeni evlər, ictimai binalar, sosial obyektlər əzəli sakinlərin qayıdışına təkan verir. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılan Şuşaya qayıtmışıq. "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənir, Şuşada Vaqif poeziya günləri, "Xarıbülbül" musiqi festivalları keçirilir.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Zəngilanda da quruculuq və bərpa işləri uğurla davam edir. Düşməndən təmizlənmiş torpaqlarda zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etməkdir. Təsadüfi deyil ki, Böyük Qayıdış prosesi də məhz Zəngilandan başlanıb. Hələ 2022-ci ilin 27 may tarixində, Azərbaycan xalqının müstəqillik günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsində Yeni Ağalı kəndinə 41 ailə köçürülmüş, sakinlərin 30 illik həsrətinə son qoyuüb. Bu günlərdə Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub. Ümumi sahəsi 301,51 hektar olan qəsəbədə 2040-cı ilədək 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Bununla yanaşı, əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Qeyd edək ki, bu ərazi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Röya RÜSTƏMLİ,

"Respublika".